“Bölgədə marağı olan qüvvələr hər vəchlə Azərbaycana təzyiq etməyə çalışır” Siyasət

“Bölgədə marağı olan qüvvələr hər vəchlə Azərbaycana təzyiq etməyə çalışır”

"Azərbaycanın bölgədəki siyasəti regionun siyasi, iqtisadi gələcəyinə əhəmiyyətli dərəcədə təsir etmək gücündədir. Bu isə o deməkdir ki, Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsi və xarici əlaqələrinin genişlənməsi təkcə ölkəmiz üçün deyil, bütövlükdə regionun stabil inkişafı baxımından çox böyük önəm daşıyır. Lakin Azərbaycanın müstəqil siyasət yürütməsi və bunun nəticəsində də ciddi nailiyyətlər qazanması bəzi xarici dairələri narahat edir. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində sürətlə inkişaf edən Azərbaycan artıq beynəlxalq miqyasda da önəmli faktora çevrilib. Torpaqlarımızın 20 faizinin işğal altında olmasına baxmayaraq ölkəmiz inkişaf edir, güclənir, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında vacib rol oynayır. Əlbəttə, bu siyasət normal əməkdaşlığa və tərəfdaşlığa əsaslansa da, bölgədə marağı olan qüvvələr bütün bunlardan qıcıqlanır. Onlar hər vəchlə Azərbaycana təzyiq etməyə çalışır, müstəqil siyasət yürütməsinin qarşısını almağa cəhd edirlər. Müəyyən qüvvələr demokoratiya və insan amilindən bəhanə kimi istifadə edir, digərləri isə dini radikalizm mövqeyindən çıxış edirlər. Amma belə cəhdlər əbəsdir, çünki indiyə qədər belə cəhdlər çox olub və iflasa uğrayıb. Azərbaycan bundan sonra da müstəqil siyasət yürüdərək yeni-yeni uğurlar qazanacaq". Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva bildirib. Azərbaycanda demokratiya ilə bağlı problemlərin olduğunu iddia edənlərə cavab olaraq S.Fətəliyeva deyib: "Belə bir problemin olduğunu bir sıra xarici QHT-lər, beynəlxalq təşkilatların bəzi nümayəndələri iddia edirlər. Hansı ki, onlar müəyyən dairələrin, erməni lobbisinin sifarişlərini yerinə yetirirlər. Bu qurumların, müəyyən siyasətçilərin iddiaları qeyri-ciddi qəbul olunur. Çünki onların kimlərə xidmət etməsi məlumdur. Bütövlükdə isə Azərbaycan bu gün beynəlxalq miqyasda müasir demokratik ölkə kimi tanınır. Ümumiyyətlə, ölkəmizin daxili siyasət kursunun mühüm istiqamətlərindən birini demokratik təsisatların təkmilləşdirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə edilməsi təşkil edir". S.Fətəliyeva qeyd edib ki, Azərbaycan demokratik dəyərlər və təsisatların təşəkkül tapdığı müasir dövlətdir. Onun sözlərinə görə, Azərbaycanda demokratiya və onun başlıca atributları olan vətəndaş cəmiyyəti və hüquqi dövlətin mütləq komponentlərinin təşəkkül tapması və inkişafını təmin edən əsas amillərdən biri məhz davamlı islahatların həyata keçirilməsidir: "Digər tərəfdən, çoxistiqamətli islahatlar siyasi sistemin təkmilləşməsinə mühüm töhfələr verir. Prezident İlham Əliyevin həyata keçirdiyi inkişaf strategiyasının fonunda reallaşdırılan demokratik islahatlar mütəmadi xarakter daşıyır. Azərbaycan siyasi, hüquqi, iqtisadi islahatları davam etdirmək əzmindədir və həyata keçirilən bütün tədbirlər ölkəmizin davamlı inkişafına xidmət edir. Xüsusilə də müxtəlif sahələrdə islahatların paralel aparılması reallaşdırılan siyasi kursun səmərəliliyini təmin edir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi Azərbaycanda bütün azadlıqlar təmin edilib. Ona görə də, bu gün Azərbaycan sivil, demokratik dövlət kimi beynəlxalq müstəvidə qəbul olunur. Bu amil ölkəmizin nüfuzunun artmasını şərtləndirən səbəblərdən biridir". Son zamanlar Azərbaycanda nüfuzlu beynəlxalq tədbirlərin keçirilməsinin ənənə halını aldığını bildirən deputat bunun da çox ciddi əsaslarının olduğunu vurğulayıb: "Hazırda öz inkişafına görə regionun lider dövləti olan Azərbaycan beynəlxalq aləmin diqqət mərkəzindədir. Ölkəmizin qazandığı nailiyyətlər ayrı-ayrı dövlətlər, beynəlxalq qurumlar və reytinq agentlikləri tərəfindən də təqdir edilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən uğurlu siyasət nəticəsində ölkəmiz dinamik inkişaf edir, əhalinin rifah halı gündən-günə daha da yüksəlir. Eləcə də, Azərbaycan dünyada özünü etibarlı tərəfdaş kimi təsdiq edib. Dünyanın müxtəlif qitələrində yerləşən dövlətlərlə, aparıcı beynəlxalq təşkilatlarla ikitərəfli və çoxtərəfli əməkdaşlıq münasibətlərinin dərinləşdirilməsi, respublikamızda həyata keçirilən mütərəqqi islahatlar barədə dünya ictimaiyyətində obyektiv rəyin formalaşdırılması, enerji resurslarının ixracı və diversifikasiyası prosesinin gerçəkləşdirilməsi dövlət başçısı İlham Əliyevin siyasətində diqqəti xüsusi çəkən prioritetlərdir. Məhz bu diplomatik reallıqlar fonunda respublikamızın Avropa üçün geosiyasi və iqtisadi əhəmiyyəti daha da yüksəlib, avrostrukturlara inteqrasiya prosesi sürətlənib. Ötən illər ərzində Azərbaycan Avropa Şurası, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, NATO Parlament Assambleyası və digər mötəbər beynəlxalq təşkilatlarla qarşılıqlı maraqlar əsasında faydalı əməkdaşlıq edir. Son illər həyata keçirilən islahatların məntiqi nəticəsi olaraq Azərbaycan iqtisadi sahədə keçid dövrünü uğurla başa vuraraq iqtisadi və sosial-mədəni modernləşmənin keyfiyyətcə yeni mərhələsinə qədəm qoyub. Beynəlxalq təşkilatlar tərəfindən də ciddi maraqla qarşılanan Azərbaycanın inkişaf modeli əlverişli coğrafi və geosiyasi məkanda yerləşən respublikamızın nüfuzunu daha da gücləndirib. Bu amilin nəticəsidir ki, Azərbaycanla əməkdaşlıq etmək istəyində olan dövlətlərin və təşkilatların sayı durmadan artır". S.Fətəliyeva bununla belə, qeyd edib ki, dünyadakı ikili standartlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə də özünü açıq şəkildə göstərir. Belə ki, dünya dövlətləri və nüfuzlu təşkilatlar bu məsələyə beynəlxalq hüquq normaları çərçivəsində deyil, ikili standartlarla yanaşırlar: "Halbuki, bir sıra regionlarda baş verən separatizm qınaq obyektinə çevrilsə də, Ermənistanın təcavüzkar siyasətinə ciddi reaksiya verilmir. Bu isə Azərbaycana qarşı tətbiq edilən ikili standartların əyani nümunəsidir. Təbii ki, işğalçı Ermənistan bütün bunlardan "ruhlanaraq" münaqişənin həllini uzatmaq üçün müxtəlif bəhanələrlə əl atır. Amma Azərbaycan dövləti münaqişənin həlli ilə bağlı prinsipial mövqe ortaya qoyub. Bu mövqe ondan ibarətdir ki, işğal olunmuş torpaqlarımız azad edilməli, Azərbaycanın ərazi bütövlüyü təmin olunmalı və məcburi köçkünlər öz yurdlarına qayıtmalıdırlar. Bu hədəflərə çatmaq üçün də dövlətimiz hücum diplomatiyası həyata keçirir. Eyni zamanda, Azərbaycan güclü orduya malikdir. Qürurla deyə bilərik ki, güclü ordumuz cəbhədə düşmənin təxribatlarının qarşısını layiqincə alır. Prezident İlham Əliyev bildirib ki, bu gün bizim ordumuz təmas xəttində vəziyyətə tam şəkildə nəzarət edir. Dövlət başçısı bir daha vurğulayıb ki, azərbaycanlılar tarixi torpaqlarına qayıdacaqlar".