“Dilqəm Əsgərov çox doğru addım atıb” Siyasət

“Dilqəm Əsgərov çox doğru addım atıb”

Rövşən Rzayev: " Normal insan separatçıya, terrorçuya nə cür müraciət edə bilər?"

"Ermənistan hakimiyyətinin bugünkü siyasəti ancaq işğalçılıq siyasəti üzərində qurulub. Nə qədər ki, onlar işğalçılıq siyasətindən əl çəkməyəcəklər, Ermənistan indiki durumundan da ağır duruma düçar olacaq. Xalq bunu başa düşür. Ancaq hakimiyyət onu zor gücü ilə, silahla, hədə-qorxu, həmçinin erməni lobbisinin təsiri ilə saxlaya bilir. Amma bu vəziyyət çox getməyəcək. Bunun tezi-geci var. Günlərin bir günü erməni xalqı ayağa qalxacaq və bizim bölgəmiz bütün bu separatçılıqdan, terrorçuluqdan və onların yaratdığı bütün digər problemlərdən xilas olacaq". Bunu Teleqraf.com-a müsahibəsində Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi sədrinin müavini, "Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin İdarə Heyətinin üzvü Rövşən Rzayev bildirib:.
- Azərbaycan paytaxtında keçirilən IV Qlobal Bakı Forumunun əhəmiyyətini nə cür qiymətləndirirsiniz?
- Çox yüksək qiymətləndirirəm. Bu, çox vacib bir tədbirdir. Artıq dördüncü dəfədir ki, forum iştirakçıları Azərbaycandadırlar. İştirakçılar həm hazırkı, həm də sabiq dövlət başçıları, elm adamları, nüfuzlu şəxslərdir. Çox vacibdir ki, forum hər il mütəmadi olaraq keçirilir. Düşünürəm ki, dünyada gedən proseslərə Azərbaycandan münasibət bildirilməsi yalnız və yalnız müsbət haldır. Biz maraqlı olmalıyıq ki, bu cür forumlar Azərbaycanda vaxtaşırı keçirilsin və biz də öz mövqeyimizi, öz sözümüzü dünya ictimaiyyətinə çatdıra bilək. Nəinki Azərbaycanda gedən, ümumiyyətlə dünyada cərəyan edən proseslərin müzakirəsi hər bir halda müsbət haldır.
- Ermənistan rəhbərliyi hər zaman bəyan edir ki, Dağlıq Qarabağda azərbaycanlılar və ermənilərin dinc yanaşı yaşaması mümkün deyil. Hətta, Ermənistanın keçmiş prezidenti Robert Köçəryan vaxtilə AŞ PA tribunasından bəyan etmişdi ki, Azərbaycan və erməni xalqı arasında genetik uyğunsuzluq var. "Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin İdarə Heyətinin üzvü kimi necə düşünürsünüz; bu cür forumlar Azərbaycan və erməni xalqının birgə yaşayışının mümkünlüyünün göstəricisi sayıla bilərmi?
- Əlbəttə, sayıla bilər. Ancaq qeyd etdiyiniz kimi, Ermənistan bu fikri qəbul etmir. Ermənistan işğalçı dövlətdir. Bu gün Ermənistan rəhbərliyində Azərbaycan torpaqları ilə yanaşı Ermənistanda siyasi hakimiyyəti işğal etmiş insanlar təmsil olunurlar. Onlar təbii ki, Azərbaycan və erməni xalqlarının birgəyaşayışına qarşıdırlar. Onlar hər bir vəchlə çalışırlar ki, problemin həllini uzatsınlar və bu vəziyyət davam etsin. Problemin həllini uzatmaq istiqamətində onlara şərait yaradan qüvvələr var. Ona görə də təbii ki, onlar normal düşüncəli insanlar olsaydılar, birgəyaşayışın, konflikti həll etməyin hər birimizin xeyrinə olduğunu başa düşərdilər. Amma təəssüflər olsun ki, onlar bu reallığı görmürlər və görmək də istəmirlər. Ermənistan rəhbərliyi ayrı cür düşünməyi bacarmalıdır, amma o hünər, o bacarıq, o ağıl və dərrakə onlarda yoxdur. Onlara bu cür düşünməyə icazə verən də yoxdur. Ona görə də biz mütəmadi olaraq bu kimi problemlərlə üzləşirik.
- Ancaq Bakıda keçirilən həm bu forumlar, həm də digər beynəlxalq tədbirlərdə bununla bağlı mesajlar verilir...
- Sülh barədə düşünən dövlət rəhbərləri təbii ki, bu mesajları başa düşməli və qəbul etməlidirlər. Ancaq təəssüflər olsun ki, bugünkü Ermənistan rəhbərliyində belə düşüncə sahibi yoxdur. Onlar normal siyasi düşüncədən uzaqdırlar.
- Görünür, status-kvonun dəyişməməsi Ermənistan rəhbərliyinə sərf edir...
- Təbii ki, sərf edir. Sərf etməsəydi, vəziyyətin dəyişməsi üçün səy göstərərdilər. Digər tərəfdən onlara bu günü yaşatmaq istəyən, yəni onlara dəstək verən insanlar var. Onlar da onlar dəyişikliyə getmirlər.
- Bəs, erməni xalqına necə, indiki vəziyyət sərf edirmi?
- Erməni xalqına sərf etmir. Erməni xalqına qalsa idi, onlar çoxdan öz məsələlərini həll edərdilər. Amma edə bilmirlər. Çünki cinayətkar rejim buna imkan vermir.
- Erməni xalqının etirazları da nəticə vermir...
- Ermənistan hakimiyyətini dəstəkləyən qüvvələr var axı...Belə olan təqdirdə erməni xalqının etirazı necə nəticə verə bilər?!
- Avropa Şurası Parlament Assambleyasının sessiyaları çərçivəsində Azərbaycan və erməni icmalarının görüşünün keçirilməsi təşəbbüsünə reaksiyalar necə olur?
- Bilirsiniz ki, həmin görüşün təşəbbüskarlarından biri mənəm. Çünki "Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyini AŞ PA-dakı Azərbaycan nümayəndə heyətində təmsil edən yeganə insan mənəm. Yəni nümayəndə heyətinin üzvləri arasında "Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin İdarə Heyətinin üzvü olan yalnız mənəm.
- AŞ PA-da icmalar arasında görüş keçirmək təşəbbüsünüzə reaksiyalar necə olur?
- AŞ PA üzvləri arasında bizi başa düşənlər var. Ancaq təəssüflər olsun ki, ermənilər bunu qəbul etmirlər. Onların düşəncəsi işğalçı düşüncəsidir. Ona görə də görüşdə iştirakdan yayınırlar. Ermənistanın siyasətini yürüdənlər, işğalçılığa başçılıq edən qüvvələr var. Ona görə də onlar görüşlərin keçirilməsini qəbul etmək istəmirlər. Ermənistan hakimiyyətinin bugünkü siyasəti ancaq işğalçılıq siyasəti üzərində qurulub. Nə qədər ki, onlar işğalçılıq siyasətindən əl çəkməyəcəklər, Ermənistan indiki durumundan da ağır duruma düçar olacaq. Xalq bunu başa düşür. Ancaq hakimiyyət onu zor gücü ilə, silahla, hədə-qorxu, həmçinin erməni lobbisinin təsiri ilə saxlaya bilir. Amma bu vəziyyət çox getməyəcək. Bunun tezi-geci var. Günlərin bir günü erməni xalqı ayağa qalxacaq və bizim bölgəmiz bütün bu separatçılıqdan, terrorçuluqdan və onların yaratdığı bütün digər problemlərdən xilas olacaq.
- Onların dəstəkçisi qismində çıxış edən dövlətlər də yox deyil...
- Təbii ki, var. Rusiyada, Amerikada, Fransada olan ermənilər Ermənistan rəhbərliyinin öz işğalçı-terrorçu siyasətini həyata keçirməsi üçün bütün imkanlarından istifadə edirlər. Bu ölkələrinin hökumətlərinin, qanunverici orqanlarının da dəstəkləri olmasa, Ermənistan rəhbərliyi bu cür hərəkətlər edə bilməzdi. Əlbəttə, onların da öz dəstəyi var.
- Ermənistanla aparılan danışıqlarla bağlı icmanın idarə heyətinin üzvü kimi fikirlərinizi bilmək istərdik...
- Hesab edirəm ki, ATƏT-in Minsk qrupunun həmsədrləri
- Ceyms Uorlik, İqor Popov, Pyer Andryö və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki kifayət qədər öz fəaliyyətlərini qura və işlərini apara bilirlər. Bu da ondan ibarətdir ki, onlar işğalçılıq siyasətini saxlamaqdan ötrü bütün imkanlarından istifadə edə bilirlər. Yəni, onlarınkı fəaliyyətsizlik deyil. Əksinə, fəaliyyətləri ondan ibarətdir ki, sülh danışıqları heçə ensin. Beynəlxalq hüquq və ümumiyyətlə, hüquq Azərbaycanın haqlı sözünü, haqlı səylərini təbii ki, tanıyır və biz bu istiqamətdə fəaliyyətimizi davam etdirməliyik. Amma çox təəssüf, həmsədrlər fəaliyyətlərini elə qurublar ki, heç bir nəticə hasil olmur. ATƏT-in Minsk qrupu həmsədrlərinin AŞ PA-nın qış sessiyası zamanı irəli sürülmüş iki məruzə ilə bağlı verdikləri bəyanat, ümumiyyətlə, heç bir halda normal sayıla bilməzdi. Bu bəyanat normal düşüncəyə sığmırdı. Həmsədrlər AŞ PA-nın işinə faktiki olaraq müdaxilə etdilər. Biz yenə ikili standartları gördük. Buna baxmayaraq AŞ PA-da kimsənin bu ikili standartları başa düşdüyünü və qınadığını görmədik.
- Çox maraqlıdır ki, ATƏT-in Minsk qrupunun həmsərdliyində təmsil olunana ABŞ, Fransa və Rusiyanın bütün digər məsələlərə dair fikirləri haçalansa da, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair baxışları üst-üstə düşür...
- Bunun da təbii ki, öz cavabı var. Məncə hamıya bəllidir ki, bunun səbəbi nədən ibarətdir. Hər üç ölkənin bu məsələdə maraqları üst-üstə düşür. Ona görə də vəziyyət indiki kimidir.
- "Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyi hazırda hansı işləri görür, fəaliyyəti nədən ibarətdir?

- "Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyi təbii ki, mütəmadi olaraq öz işini görür, bacardığımız bütün işləri həyata keçiririk. İcmanın sədri bu yaxınlarda icmanın idarə heyətinin üzvləri qarşısında icmanın illik fəaliyyətinin hesabatını verdi. Hesabat dinlənildi və biz bundan sonra da öz fəaliyyətimizi davam etdirəcəyik.
- Azərbaycan-Almaniya Parlamentləarası Əlaqələr üzrə İşçi Qrupunun həmsədrisiniz. Bu istiqamətdə nə kimi işlər görürsünüz?
- Almaniya və Azərbaycan arasında parlamentlər və hökumətlər arası çox yüksək münasibətlər mövcuddur. Cənab Prezidentlə Almaniyanın federal kansleri arasında isti, işgüzar münasibətlər var. Bu istiqamətdə çox xoş və müsbət məqamlar mövcuddur. Eyni zamanda, bu il Almaniya ATƏT-ə sədrlik edir. Almaniya elə bir dövlətdir, elə bir imkanlara sahibdir ki, bu istiqamətdə tutarlı dəyişikliklər edə bilər. Biz də gözləyirik və inanırıq ki, Almaniya bu dəyişiklikləri edə biləcək. Mən və həmkarım Fuad Muradov fevral ayında Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupunun üzvləri kimi Almaniya Bundestaqında görüşlər keçirdik. Orada da təbii ki, bu barədə fikir mübadiləsi apardıq. Biz Almaniyaya ezam olunmuşduq və orada dostluq qrupu çərçivəsində görüşlər keçirildi. Gözləyirik ki, Almaniyanın sədrliyi dövründə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində müsbət hallar baş verəcək.
- Qondarma "DQR" rejiminin əsirliyində saxlanılan azərbaycanlı girov Dilqəm Əsgərovun əfv üçün müraciət etməkdən imtina etməsi xəbərinə münasibətiniz nə cürdür?
- Zənnimcə, Dilqəm Əsgərov çox doğru addım atıb. Normal insan separatçıya, terrorçuya nə cür müraciət edə bilər? Orada dövlət qurumu yoxdur axı, bu da ona hansısa müarciət etsin. Ona görə də təbii ki, tam haqlı olaraq müraciət etməyib. Əgər insan öz Vətənində, doğulduğu torpaqda gəzdiyinə görə separatçılar, terrorçular tərəfindən girov götürülürsə, təbii ki, bu çox mənfi bir haldır.