“Naxçıvan Azərbaycanın ayrılmaz tərkib hissəsidir” Siyasət

“Naxçıvan Azərbaycanın ayrılmaz tərkib hissəsidir”

Vasif Talıbov: "Naxçıvanın muxtariyyəti çətin sınaqlardan keçərək gərgin hərbi-siyasi və diplomatik mübarizələr nəticəsində əldə olunub"

Azərbaycan prezidenti İlham Əliyevin "Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında" 2014-cü il 14 yanvar tarixli sərəncamında qeyd olunur ki, "Azərbaycanın qədim bölgəsi Naxçıvan tarixən çətin sınaqlarla dolu, mürəkkəb və eyni zamanda, şərəfli bir yol qət etmişdir. Çoxəsrlik dövlətçilik ənənələri olan bu diyar həmişə xalqımızın zəngin mədəni irsini layiqincə yaşatmış, ... ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi həyatında əvəzsiz rol oynamışdır"".
APA-nın xəbərinə görə, bunu Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi ilə bağlı mərasimdə çıxış edən Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov deyib.
Vasif Talıbov qeyd edib ki, Naxçıvanın muxtariyyəti tarixi zərurət idi: "1919-cu ildə Zəngəzur mahalı Ermənistana veriləndən sonra Naxçıvan ölkənin əsas ərazisindən təcrid olunmuşdu. Regionda marağı olan böyük dövlətlər İrəvan və Zəngəzur kimi Naxçıvanı da ermənilərə güzəştə getmək istəyirdilər. Erməni yaraqlıları əhalini qorxu içərisində saxlayır, soyqırımı törədir, torpaqların boşaldılmasına çalışırdılar. Buna baxmayaraq, nə böyük dövlətlərin siyasi və diplomatik təzyiqi, nə aclıq və səfalət, nə də ermənilərin aramsız hərbi müdaxiləsi naxçıvanlıların iradəsini sındıra, Azərbaycanla bir olmaq istəyinin qarşısını ala bilmədi".
Vasif Talıbovun sözlərinə görə, naxçıvanlıların qanuni hüququ öz tarixi ərazisində yaşamaq, daim Azərbaycanla bir olmaq, ana Vətəndən ayrı düşməmək idi: "Azərbaycan Xalq Cümhuriyyəti hökuməti yaranandan sonra naxçıvanlılar dəfələrlə Azərbaycana birləşmək iradəsini ortaya qoysalar da, mövcud siyasi və beynəlxalq vəziyyət bu istəyin həyata keçməsinə imkan verməmişdi. Naxçıvan Milli Şurasının Xalq Cümhuriyyəti hökumətinə məktublarında deyilirdi: "Biz ermənilərə tabe olmuruq. Tezliklə Azərbaycan qoşunları tərəfindən Zəngəzurun tutulmasını və Azərbaycana birləşməsini gözləyirik". Başqa bir məktubda isə deyilirdi: "Bu xalq mədəni dövlətlərin alovlarında məhv olmağa razı olar, amma Azərbaycandan ayrılmaz"".
Ali Məclisin sədri qeyd edib ki, Naxçıvanın Azərbaycanın ayrılmaz tərkib hissəsi olması bütün dövrlərdə regionda aparıcı siyasi xətt kimi qalıb, əhali tərəfindən dəstəklənib.
Vasif Talıbov bildirib ki, beləliklə, Naxçıvan əhalisinin və ziyalılarının inadlı mübarizəsi, Türkiyə hökumətinin tutduğu ədalətli mövqe nəticəsində 1921-ci ildə Naxçıvanın muxtar respublika statusunda Azərbaycanın tərkibində qalmasını şərtləndirən Moskva və beynəlxalq Qars müqavilələri imzalandı. Bu sənədlər əsasında 1924-cü il fevralın 9-da Azərbaycanın tərkibində Naxçıvan Muxtar Respublikası təşkil olundu.
Onun sözlərinə görə, Heydər Əliyev Naxçıvanın muxtariyyət tarixinin çətin sınaqlardan keçdiyini nəzərdə tutaraq, eyni zamanda, bu muxtariyyətin qazanılmasında fədakarlıq göstərənlərin əməyini yüksək qiymətləndirərək deyirdi: "Naxçıvana muxtariyyət vermək, Moskva, Qars müqavilələrində Naxçıvanın müqəddəratını o illərdə həll etmək asan məsələ deyildi. Amma o vaxt milli mənafeyini qoruyan adamlar bunu etdilər. Mən bunu tarixi nailiyyət hesab edirəm... Kim Azərbaycanın milli mənafelərinin keşiyində durubsa, ona xidmət göstəribsə, o insanlar bizim tariximizdə həmişə hörmətlə yada salınmalı və tariximizə daxil olmalıdırlar".