Zakir Həsənovdan ermənilərə mesaj Siyasət

Zakir Həsənovdan ermənilərə mesaj

"Onların dərsini verəcəyik"

"Azərbaycan ordusu ermənilərin təxribatlarına cavab olaraq növbəti dəfə düşmənə sarsıdıcı zərbə endirib". Müdafiə naziri general-polkovnik Zakir Həsənov Tərtər rayonunda olub. Nazir sakinlərlə görüşüb, ziyan dəymiş evlərə baxıb. O, Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla da görüşüb. Ermənistan silahlı qüvvələrinin artilleriya atəşi nəticəsində Tərtər rayonunun sakinlərinə məxsus ziyan dəyən evlərə baxış keçirib. Nazir sakinlərlə görüşərək onları dinləyib, qayğıları və problemləri ilə maraqlanıb.
Müdafiə naziri rayondakı vəziyyətlə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib.
Z.Həsənov cəbhə xəttində baş verənlərə də toxunub. O deyib ki, cəbhədə ermənilərin növbəti təxribatlarının qarşısı alınıb.
"Allah Ali Baş komandanımızın canını sağ eləsin. Onların dərsini verəcəyik".
Aprelin 26-sı saat 01.05-dən başlayaraq saat 04.25-dək erməni silahlı bölmələri tərəfindən Tərtər şəhəri və rayonun ərazisi, eləcə də Qapanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan, həmçinin 122 millimetrlik D-30 haubitsalarından və BM-21 yayılım atəşli reaktiv sistemlərdən atəşə tutulub.
Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin ancaq hərbi obyektlərinə adekvat cavab zərbələri endirib.
Müdafiə Nazirliyi bildirir ki, bundan sonra cəbhə xəttində baş verəcək hər hansı hadisəyə görə məsuliyyəti Ermənistanın kriminal hərbi-siyasi rəhbərliyi daşıyacaq.
Ermənilərin zərbələri nəticəsində Tərtərdə 20 evə ziyan dəyib, bir ev isə qəzalı vəziyyətə düşüb.