“Sarkisyan rejimi münaqişənin dinc yolla həll olunmasını istəmir” Siyasət

“Sarkisyan rejimi münaqişənin dinc yolla həll olunmasını istəmir”

Rauf Əliyev: "Danışıqlar posesinin bərpa olunmasından imtina edir"

"Son günlər erməni silahlı qüvvələri tərəfindən cəbhə bölgəsində yenidən atəşkəs rejminin ciddi şəkildə pozulması bir daha göstərir ki, Sarkisyan rejimi münaqişənin dinc yolla həll olunmasını istəmir, danışıqlar posesinin bərpa olunmasından imtina edir". Bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev deyib. Deputat bildirib ki, Azərbaycan ordusu tərəfindən acınacaqlı məğlubiyyətə uğrayan Ermənistan ordusu yalnız qisas almağı düşünür: "Ermənistan rəhbərliyi açıq-aşkar bəyan edir ki, işğal olunmuş torpaqları qaytarmaq niyyətində deyil. Ona görə də, müharibənin yenidən alovlanması təhlükəsi yaranıb. Hesab edirəm ki, bu günlərdə atəşkəsin yenidən pozulmasının digər səbəbi də beynəlxalq ictimayyətin diqqətini Bakıda keçrilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumdan yayındırmaq idi. Amma düşmənin bu niyyəti də baş tutmadı, dünyanın 147 xarici ölkəsini təmsil edən nümayəndələrin iştirak etdiyi Forum öz işini yüksək səviyyədə həyata keçirdi və dünyanın diqqət mərkəzinə çevrildi".
Rauf Əliyev sual edib ki, görəsən ATƏT-in Minsk qrupuna daxil olan həmsədr ölkələr-ABŞ, Rusiya, Fransa niyə görə susur? Məgər təcavüzkarı öz adı ilə çağırmağın, yerinə oturtmağın zamanı çatmayıbmı?
Rauf Əliyev bildirib ki, cəbhədəki məğlubiyyətə görə erməni ictimayyəti tərəfindən Serj Sarkisyan ciddi tənqidlərə məruz qalıb və Ermənistan ordusunun bir neçə yüksək vəzifəli şəxsini ordudan kənarlaşdırıb: "Hərbi rəhbərliyi 4 günlük müharibədə məğlubiyyətdə ittiham olunur, eyni zamanda rəhbərlik tərəfindən anti-hökümət mitinqləri təşkil olunur. Ermənistan rəhbərliyinin bu monupuliyasiyaları göstərir ki, bu rəhbərlik nə hakimiyyətdən əl çəkmək istəmir, nə də işğal olunmuş torpaqları geri qaytarmaq. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı ilə əlaqədar BMT-nin dörd məlum qətnaməsinin qəbulundan 20 ildən çox vaxt keçməsinə baxmayaraq Ermənistan bu qətnamələrə heçə sayır. Cənab Prezident İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun açılış mərasimində çıxışı zamanı beynəlxalq ictimayyəti təcavüzkarın beynəlxalq normalara əməl etməsi üçün məcbur etməyə çağırdı. Təcavüzkarı beynəlxalq normalara əməl etməyə, işğal etdiyi torpaqları boşaltmağa məcbur etmək üçün həm BMT-nin həm də dünyanın ən nüfuzlu dövlətlərin ixtiyarında cəzalandırma mexanizimləri mövcuddur. Bu mexanizimlərin işə salınmasının zamanı çoxdan keçib. Ermənistanı sülh prosesinə cəlb etməyin, Azərbaycanın işğal altındakı torpaqlarının geri qaytarılmasının əsas yolu işğalçı dövlətə qarşı siyasi, iqtisadi sansksiyaların tətbiqidir. Ancaq bu yolla münaqişəni dinc yolla həll etmək mümkündür. Azərbaycan tərəfi həmişə olduğu kimi indi də münaqişənin danışıqlar yolu ilə həll olunmasının tərəfdarıdır. İnanırıq ki, bu istiqamətdə tezliklə ciddi addımlar atılacaq".