“Status-kvonun pozulması Ermənistan hakimiyyətini narahat edib” Siyasət

“Status-kvonun pozulması Ermənistan hakimiyyətini narahat edib”

"Ermənistan parlamentinin vitse-spikeri Ermine Nağdalyanın parlamentdə Dağlıq Qarabağla bağlı vəziyyəti müzakirə edərkən "İndi əlimizdə, nəzarətimizdə olan o torpaqlara heç bir hüququmuz yoxdur" ifadələrini işlətməsi həm Azərbaycanda, həm də Ermənistanda rezonanas doğurdu. Erməni tərəfi Nağdalyanın bu fikirlərini xəyanət adlandırdı. Azərbaycanda isə ermənilərin nəhayət, gerçəkləri etiraf etdiklərini düşünməyə başladılar. Əslində reallıq tamam başqadır. Bu bəyanatı verən insan ölkənin ən ali orqanının vitse-spikeridir. Bu adam nə danışdığını və nə zaman danışmaq lazım olduğunu çox yaxşı bilir. Çox güman ki, onun bəyanatı siyasi hakimiyyətlə razılaşdırılıb". Bu fikirləri politoloq Vasif Əfəndiyev deyib. O bildirib ki, son 6 ildə Azərbaycanın xarici siyasətində hiss ediləcək dərəcədə dönüş yaranıb: "Ölkəmizdə keçirilən nüfuzlu beynəlxalq simpozim, konfranslar, tədbirlər, böyük idman yarışlarının keçirilməsi, eləcə də ölkə prezidentinin nüfuzlu dünya liderləri ilə görüşləri və bu görüşlərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisində baş verənlərə obyektiv münasibətin göstərilməsi xarici siyasətimizdə baş verən sıçrayışın göstəricisidir. Artıq bütün beynəlxalq institutlar birmənalı olaraq Azərbaycanın Dağlıq Qarabağ üzərində haqqını tanımağa başlayıblar.Təbii ki, 24 il davam edən status-kvonun pozulması Ermənistan hakimiyyətini çox narahat edib. Erməni rəsmilərinin bu tip bəyanatları isə məcburiyyətdən və zərurətdən yaranıb. Əgər Azərbaycan tərəfi status-kvonun dəyişdirilməsi istiqamətində israrlı olacaqsa, bu tip bəyanatlar Azərbaycanın işinə yarayacaq".