“Azərbaycana yönəlik terror hədələri davam edir” Siyasət

“Azərbaycana yönəlik terror hədələri davam edir”

Bahar Muradova: "Cinayət Məcəlləsinə meyitlər üzərində təhqiramiz hərəkətlərə yol verilməsi ilə bağlı maddə əlavə edilməlidir"

Dünən Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında "Məlumat azadlığı haqqında" qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.
Layihə barədə komitə sədri, vitse-spikerBahar Muradova məlumat verib.
Bahar Muradova deyib ki, dəyişiklik texniki xarakter daşıyır: "Dəyişiklik "Məlumat azadlığı haqqında" qanunda terror aksiyaları sözü terror aktları sözü ilə əvəz olunmasını nəzərdə tutur".
Bahar Muradova qanuna dəyişikliyin texniki xarakter daşımasına baxmayaraq, bu gün dünyada terror təhdidinin ciddi olduğunu vurğulayıb: "Azərbaycana düşmən dairələrin terror aktları törədəcəyi ilə bağlı hədələr də davam edir. Aprel döyüşləri zamanı gördük ki, Azərbaycanın ən ciddi silahlarla belə terrorla hədələnir. Azərbaycan terrora qarşı mübarizədə çox ciddi mövqe tutur, beynəlxalq alyansın çox məsuliyyəti və vicdanlı üzvüdür. Azərbaycan terrora məruz qalan ölkə kimi terrora qarşı bütün mübarizələrin önündə edir".
Bahar Muradova deyib ki, Azərbaycanın Cinayət Məcəlləsinə meyitlər üzərində təhqiramiz hərəkətlərə yol verilməsi ilə bağlı maddə əlavə edilməlidir .
Milli Məclisin sədr müavinin sözlərinə görə, aprel ayının əvvəlində baş verən döyüşlərdən sonra əsgərlərin meyitlərinin mübadiləsi zamanı Azərbaycan hərbçilərinin meyitləri üzərində təhqiramiz hərəkətlərə yol verildiyi üzə çıxıb: "Bu, bütün konvensiyalara ziddir, bəşəriyyətə, insanlığa qarşı cinayətdir. Ancaq Cinayət Məcəlləmizdə bununla bağlı müvafiq maddələr yoxdur. Ona görə də belə cinayətlərə görə məsuliyyəti nəzərdə tutan maddələr Cinayət Məcəlləmizə əlavə edilməlidir. Cinayət Məcəlləsinə bu dəyişikliklərin hazırlanması ilə məhz bizim komitə məşğul ola bilər".
Bahar Muradova qeyd edib ki, ötən həftə Milli Məclisdə Qarabağ münaqişəsi ilə bağlı keçirilən dinləmə zamanı Cinayət Məcəlləsində başqa boşluqların olduğu da üzə çıxıb: "Son hadisələr zamanı Azərbaycana qarşı qadağan edilmiş silahdan istifadə edildi. Eyni zamanda vətəndaşların sağlamlığına, əmlakına ziyan dəydi. Təcavüzlə bağlı belə cinayətlərə görə Cinayət Məcəlləsində məsuliyyəti nəzərdə tutan maddələrin olması vacibdir. Digər tərəfdən, mən sağlamlığına və əmlakına ziyan dəymiş insanların hamısını Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etməyə çağırıram".