16:58
294
“2027-ci il dövlət büdcəsinin əsas məqsədi sosial-iqtisadi prioritetlərə uyğun olaraq xərclərin icrası, qeyri-neft sektorunun davamlı artımının təmin edilməsi, büdcənin neft gəlirlərindən asılılığının azaldılması və fiskal dayanıqlılığın gücləndirilməsidir”.
Xalqcəbhəsi.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Soltan Məmmədov parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, 2027-ci ildə ümumi daxili məhsulun 2,7 faiz artması gözlənilir və cari xərclərin 90 faizdən çoxunun qeyri-neft-qaz sektorunun gəlirləri hesabına təmin edilməsi, həmçinin 2030-cu ilədək bu rəqəmin 100 faizə çatdırılması böyük uğurdur.
S. Məmmədov 2027-ci ildə səhiyyə xərclərinin 2 milyard manatdan çox olmaqla 2026-cı illə müqayisədə 3 faiz, 2025-ci ilin icrası ilə müqayisədə isə 63,4 faiz artdığını diqqətə çatdırıb:
"Səhiyyə sahəsinə ayrılan vəsaitin əhəmiyyətli dərəcədə artırılması insan kapitalının inkişafına, əhalinin sağlamlığının qorunmasına yönəlmiş siyasətin məqsədyönlü xarakter daşıdığını göstərir. Səhiyyə proqramlarının İcbari Tibbi Sığorta Fondu hesabına maliyyələşdirilməsini dəstəkləyirəm. Eyni zamanda, autizm spektr pozuntusu, daun sindromu, serebral iflic kimi neyroinkişaf fərqlilikləri olan uşaqların sayında son illər qeydə alınan artım fonunda bu kateqoriyadan olan uşaqlara göstərilən reabilitasiya dəstəyinin genişləndirilməsi üçün əlavə maliyyə dəstəyinə ehtiyac var”.
Gələn il büdcə xərclərinin 44,2 faizinin sosialyönümlü xərclərə yönəldilməsinin büdcənin sosial xarakterini təsdiq etdiyini deyən millət vəkili, Prezident İlham Əliyevin “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı” Sərəncamının əhəmiyyətini vurğulayıb.
O, Bakı kəndlərinin su təminatı və qrunt sularının idarə olunması məsələlərinin gələcək investisiya layihələri siyahısına daxil edilməsini xahiş edib.
Günel Elxan