Millət vəkili “Gənclər Evləri”nin büdcəsinə yenidən baxılmasını təklif etdi Cəmiyyət

Millət vəkili “Gənclər Evləri”nin büdcəsinə yenidən baxılmasını təklif etdi

“2027-ci ildə ilk dəfə olaraq şəhər və rayonlara dövlət büdcəsindən heç bir dotasiya ayrılmayacaq”

2027-ci ilin dövlət büdcəsi layihəsi Prezident İlham Əliyevin müəyyən etdiyi strateji kursun uğurla davam etdirilməsi, Azərbaycanın dövlətçilik maraqlarının qorunması və milli inkişaf hədəflərinin reallaşdırılması üçün mühüm maliyyə təminatıdır.
Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Azay Quliyev parlamentin bugünkü plenar iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, gələn ilin büdcəsi cari illə müqayisədə 1,7 faiz artımla nəzərdə tutulsa da, əsas göstərici büdcə gəlirlərinin formalaşma mənbələrində baş verən iki mühüm yenilikdir:
"Birincisi, dövlət büdcəsinin neft-qaz gəlirlərindən asılılığının azaldılmasıdır. Gələn il büdcə mədaxilinin 60 faizdən çoxu son 20 ildə ilk dəfə olaraq qeyri-neft gəlirlərindən formalaşacaq, cari xərclərin də 90 faizdən çoxu bu gəlirlər hesabına qarşılanacaq. Buna paralel olaraq, Dövlət Neft Fondundan transfertin məbləği bu illə müqayisədə 935 milyon manat azalacaq. İkincisi, 2027-ci ildə ilk dəfə olaraq şəhər və rayonlara heç bir dotasiya ayrılmayacaq, yerli xərclər yerli gəlirlər hesabına qarşılanacaq."
Prioritet istiqamətlər və sosial təminat
A. Quliyev büdcə xərclərinin bölgüsünün ölkənin əsas prioritetlərini əhatə etdiyini vurğulayaraq qeyd edib ki, gələn il növbədə olan qazi və şəhid ailələri üçün 600 mənzilin alınmasına və böyük sosial paketin icrasına lazımi həcmdə maliyyə ayrılacaq. Həmçinin o, Qarabağ və Şərqi Zəngəzurda bərpa-quruculuq işlərinin, regiondakı mövcud təhlükələr fonunda ölkənin müdafiə qabiliyyətinin artırılmasının, eləcə də rəqəmsal inkişaf, süni intellekt, təhsil və səhiyyə sahələrinə vəsaitlərin artırılmasının vacibliyini diqqətə çatdırıb.

Deputatdan hökumətə iki təklif

Çıxışının sonunda millət vəkili hökumətin diqqətinə iki təklif çatdırıb:
1. “Gənclər Evləri”nin maliyyələşməsi: Xaricdən idxal olunan ideoloji təhlükələrə və müdaxilələrə adekvat cavab vermək, fəaliyyətlərini yenidən qurmaq məqsədilə ölkədə fəaliyyət göstərən 35 “Gənclər Evi”nə ayrılan 5,3 milyon manatlıq illik büdcəyə yenidən baxılması.
2. Kooperativ binaların təmiri: Dövlət balansında olmadığı üçün binaların təmirinə ayrılan 60 milyon manatlıq vəsaitdən yararlana bilməyən Bakıdakı sovet dövründən qalma kooperativ binaların ya dövlət balansına keçirilməsi, ya da təmiri üçün birdəfəlik maliyyə vəsaitinin ayrılması.
Deputat çıxışının sonunda 2027-ci ilin dövlət büdcəsi layihəsini dəstəklədiyini və səsvermədə lehinə səs verəcəyini bildirib.

Günel Elxan