17:49
147
“Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin “Sülh körpüsü” təşəbbüsü çərçivəsində növbəti görüşünün Ermənistanda keçirilməsi planı sülh prosesinin yalnız siyasi və diplomatik müstəvidə deyil, ictimai səviyyədə də irəliləməsi baxımından mühüm əhəmiyyət daşıyır. Çünki dövlətlər arasında əldə olunan razılaşmaların uzunmüddətli və dayanıqlı olması üçün cəmiyyətlərin də sülhə hazırlanması vacibdir”.
Bunu xalqcebhesi.az-a siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva söyləyib.
Z.Qarayeva qeyd edib ki, onilliklər ərzində formalaşmış qarşılıqlı etimadsızlığın aradan qaldırılması qısa müddətdə mümkün deyil: “Bu baxımdan vətəndaş cəmiyyəti nümayəndələrinin birbaşa təmasları, fikir mübadiləsi aparmaları və ortaq məsələləri müzakirə etmələri müsbət nəticələr verə bilər. Xüsusilə görüşün Ermənistan ərazisində keçirilməsi dialoqun qarşılıqlı xarakter alması və ictimai təmasların genişlənməsi baxımından diqqətəlayiqdir. Belə təşəbbüslər həm də sülh prosesinə qarşı çıxan, cəmiyyətlərdə düşmənçilik ritorikasını qorumağa çalışan qüvvələrin təsir imkanlarının zəiflədilməsinə xidmət edə bilər”.
“Digər tərəfdən, nəzərə almaq lazımdır ki, Azərbaycan regionda davamlı sülhün təmin olunması istiqamətində ardıcıl siyasi iradə nümayiş etdirir. Bakı üçün əsas prioritet qarşılıqlı suverenliyin və ərazi bütövlüyünün tanınmasına əsaslanan, gələcəkdə münaqişə risklərini minimuma endirən münasibətlər sisteminin formalaşdırılmasıdır. Vətəndaş cəmiyyəti səviyyəsində aparılan dialoq da məhz bu siyasi prosesə ictimai dəstək qazandırmaq baxımından əhəmiyyətlidir. Bununla belə, görüşlərin real nəticə verməsi üçün Ermənistan cəmiyyətində revanşist yanaşmaların zəifləməsi, Azərbaycanla normal qonşuluq münasibətlərinin qurulmasının alternativsiz olduğunun qəbul edilməsi vacibdir” - deyə o əlavə edib.
Politoloq hesab edir ki, “Sülh körpüsü” təşəbbüsünün davam etdirilməsi qarşılıqlı etimadın tədricən formalaşmasına, ictimai stereotiplərin aradan qaldırılmasına və gələcək əməkdaşlıq imkanlarının genişlənməsinə töhfə verə bilər: “Əsas məsələ bu dialoqun formal görüşlərlə məhdudlaşmaması, cəmiyyətlər arasında real münasibətlərin qurulmasına xidmət etməsidir”.
Röya İsrafilova