
“İdeoloji təhlükəsizliyə qarşı mübarizədə mədəniyyət və media sahələrinə daha çox vəsait ayrılmalıdır”
Xalqcəbhəsi.Az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, deputat Hikmət Babaoğlu parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.
Qələbəmizin haqlı qürurunu yaşadığımız bu noyabr günlərində 2027-ci ilin büdcəsini müzakirə edirik. Mənə elə gəlir ki, büdcəni qiymətləndirərkən ilk növbədə biz belə bir fikir ifadə etməliyik ki, bu büdcə post-müharibə büdcəsidir. Dünya müharibələr tarixi onu göstərir ki, müharibədən sonra bərpa dövrü ağrılı keçir. Dövlətlər borclanırlar, donor təşkilatlardan pul alırlar, beynəlxalq maliyyə strukturlarından kreditlər alırlar.
Mənə elə gəlir ki, büdcəmizin birinci xüsusiyyəti odur ki, biz heç kəsdən, heç bir donordan pul tələb eləmədən, heç bir beynəlxalq təşkilatdan, maliyyə təşkilatından kredit almadan həm təhlükəsizliyimizi möhkəmləndiririk, həm böyük qayıdışı təmin edirik, həm də digər sosial yönümlü xərclərimizi özümüz qarşılayırıq. Bu o deməkdir ki, Azərbaycan iqtisadiyyatı canlıdır, Azərbaycan iqtisadiyyatı dinamikdir və səmərəlidir. Eyni zamanda, bax bu mürəkkəb büdcəni daxili strukturu etibarı ilə tərtib edənlərə də təşəkkürümü bildirirəm.
Hörmətli xanım sədr, büdcənin əsas prioritetlərinə gəldikdə, mən elə gəlir ki, burada ilk növbədə Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş sosial yönümlü dövlət fəlsəfəsi önə çıxır. Çünki sosial yönümlü xərclər büdcəmizin 44,2%-ni təşkil edir, yəni 18,7 milyard dollar. Bu çox yaxşıdır öz-özlüyündə.
İkincisi, milli təhlükəsizlik. Milli təhlükəsizlik daima aktualdır, daima da aktual olacaqdır. Xüsusən dünyada baş verən hadisələr kontekstində, yeni dünya nizamına gedən yolda bax bu turbulanslar, kataklizmlər kontekstində əlbəttə ki, biz daima güclü olmalıyıq. Azərbaycan Prezidenti, elə Yeni Azərbaycan Partiyasının 8-ci qurultayında gələcək Azərbaycanın yeni konsepsiyasını təyin edərkən onun güc fəlsəfəsinə söykəndiyini bildirdi və güclə əsaslandırdı. Ona görə təhlükəsizliyimiz üçün 8,8 milyard manatın ayrılması da düşünürəm ki, cənab Prezidentin bu çağırışına, bu məqsədlərinə xidmətdir.
Amma eyni zamanda həmin tədbirdə Azərbaycan Prezidenti gücü iki hissəyə ayırdı: mənəvi güc, fiziki güc. Fiziki güc bizim ordumuzdur, onun şəxsiyyətidir, onun sənaye, hərbi sənaye ilə dəstəklənməsidir və sair və sair. Mənəvi gücə gəldikdə isə, yumşaq güc kimi qiymətləndirilən bu güc həm də ideoloji gücdür. Ona görə Azərbaycan Prezidenti dedi ki, ideoloji təxribat fiziki təxribat qədər, və yaxud fiziki təhlükəsizlik qədər əhəmiyyətlidir.
İndi mən düşünürəm ki, yenə cənab Prezidentə istinad etsək, cənab Prezident dedi ki, ideoloji təxribatların qarşısının alınması ilk növbədə təhsil məsələlərindən başlanmalıdır. Doğrudan da diqqət etsək görəcəyik ki, ideoloji təxribatlara qarşı hər bir xalqın üç mühüm imunitet dayaqları var: biri mədəniyyətin gücüdür, ikincisi mənəviyyatın gücüdür, üçüncüsü tarixi yaddaşın gücüdür. Bax burada mən ona görə təhsil, elm və təhsil büdcəsi üzrə ayrıca dayanmaq istəyirəm. 5,4 milyard manat ayrılır.
Ancaq burada mənə elə gəlir ki, bu ümumi məbləğin içərisində ideoloji təxribatlara qarşı mübarizədə bir qədər daha uyğun, proporsional və perspektivli büdcə ayırmaq olardı. Burada mədəniyyətə ayrılan büdcə cəmi demək 643 milyondur, manatdır. Amma halbuki ideoloji təhlükəsizliyə qarşı bizim mənəvi istehsal sahələrini formalaşdıran, onu istehsal edən ideoloji təxribatlara qarşı bizim imunitetimizi təyin edən nədir? İncəsənətimizdir, musiqimizdir, film sənayemizdir, ondan sonra operamızdır, baletimizdir, dramımızdır və sair və sair. Yəni mədəniyyətin və mənəviyyatın qeyri-ənənəvi yollarla, incəsənət yolları ilə, üsulları ilə gənc nəslə öyrədilməsi bu daha səmərəli olur, çünki mədəniyyət emosional yaddaşa xatib edir. Amma təhsil isə biz bilirik ki, daha çox bir qədər statikdir və təhsil nədir? Bu gün təhsil bir qədər də həm də təəssüf ki, əzbərləməkdir. Ona görə mənəcə bax bu sosial yönümlü xərclərdə bizim bu mədəniyyət sahəsinə xüsusi diqqət yetirmək lazımdır, xüsusən o halda ki, son dövrlərdə mədəniyyət sahəsində çox səmərəli bir fəaliyyəti görürük, müşahidə edirik. Bu məsələnin bir tərəfi.
İkinci tərəf, yenə dediyimiz kimi, milli düşüncəni və milli düşüncə platformasının keyfiyyətini təyin edən mediadır, televiziyalardır və media yayımıdır. Bura ayrılan məbləğ 68 milyon 369 min manatdır. Mən ötən illə müqayisə etmək istəmirəm, çünki xeyli azalıb. Baxın, dünən cənab Prezident bir paylaşım elədi ki, vətəndaş təhlükəsizliyi ilə bağlı. Bir gün əvvəl media yayım şurası Fransa mənşəli demək, bir informasiya subyektinin Azərbaycana qarşı təxribatlarını söyü klipində insanlar guya ki, narazılığa hazırlaşır və sair və sair. Bax onlar elə ideoloji təxribatlardır və ideoloji təhlükəsizlikdir. Belə olan halda, məsələn, 68 milyon, onun 53,5 milyon ayrılır televiziyalara, 14,5 milyon ayrılır media yayıma. Bax bu da mənə elə gəlir ki, gələcəkdə biz nələrdənsə demək alıb bura verə bilərik və yaxud müstəqil bir mənbə kimi bu sahələri daha da gücləndirə bilərik, çünki bu gələcəyin çağırışıdır. Ayrı bir məsələ yenə təhsilimizlə bağlıdır, çünki həm milli kimlik, həm milli özünədərk, həm də milli ideologiya bax elə təhsildə formalaşır. Mən bir statistik araşdırma apardım, bəlli oldu ki, bu gün Azərbaycanda rus sektorunda 157 min şagird təhsil alır, Azərbaycan sektorunda 1 milyon 570 min şagird təhsil alır. Bir şagirdin dövlət büdcəsinə illik maliyyəti 2000 manatdır. Və Azərbaycanda görürsən ingilis dilində dövlət hesabına təhsil alan orta məktəblər varmı? Demək olar ki, yoxdur. Çin dilində varmı? Yoxdur. Fransız dilində varmı? Yoxdur. Belə olan halda görəsən, rus dilinin Azərbaycanda xüsusi əlahiddə statusu nədir ki, 157 min şagird bu dildə təhsil alır, onun da xərclərini dövlət ödəyir? İstər-istəməz sual yaranır: nə üçün? Bax mən düşünürəm ki, bu barədə də düşünmək lazımdır. Bu isə ümumi şagirdlərimizin 9,3%-ni təşkil edir. E ali təhsil müəssisələrində yenə dövlət sifarişli, yəni xərcini dövlətin çəkdiyi demək, 2195 tələbə var, bu da demək ali təhsildə tələbələrin 7,85%-ni təşkil edir. Məncə, ideoloji sağlamlığa bu pullar xərclənsə, daha yaxşı nəticə ola bilər. Səhiyyə, hörmətli xanım sədr, səhiyyəyə ayrılan pul əlbəttə ki, son dövrlərdə xüsusən səhiyyədə aparılan islahatlar kontekstində mən düşünürəm ki, çox qiymətlidir. Tibbin Səhiyyə Nazirliyinə birləşdirilməsi və Səhiyyə Nazirliyində yeni rəhbərliyin təyinatı çox böyük ümidlər yaradıbdır. Biz seçicilərlə ünsiyyətdə, bütövlükdə gedən tendensiya üzrə təbibdə aparılan islahatların ardıcıllığı kontekstində bu məsələyə baxanda çox böyük ümidlər var ki, burada demək bu islahatlar davam etdiriləcəkdir. Ona görə bu həm də əhalinin sağlamlığıdır. Əhali iki baxımdan sağlam olur: biri fiziki-bioloji sağlamlıq ki, buna cavabdeh organ səhiyyədir, ikincisi əlbəttə ideoloji baxımdan, buna da cavabdeh olan təhsildir. Ona görə də mən düşünürəm bax bu məsələlərə bir qədər diqqət yetirmək lazımdır.
Günel Elxan