
“Dünyanın sürətlə yeni qarşıdurmalara sürükləndiyi indiki dövrdə konflikt potensialı ən yüksək olan Cənubi Qafqazda sülhün hökm sürməsi Azərbaycan dövlətinin və Azərbaycan-Türkiyə müttəfiqliyinin xidmətidir. 2027-ci ilin dövlət büdcəsinin də əsas vəzifələrindən biri məhz bu geosiyasi reallığın dayanıqlılığını təmin etməkdir”.
Xalqcəbhəsi.az xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədr müavini, deputat Sahib Alıyev parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.
Deputat qeyd edib ki, müdafiə və təhlükəsizliyə 8,8 milyard, "Böyük Qayıdış" proqramına isə 3,4 milyard manatın ayrılması regiondakı sabitliyin qorunmasına xidmət edir:
"Mən öz seçicilərimə, dəyərli Ağdaş camaatına rayonda bəzi problemlərin həllinin uzadılmasının bu iki mühüm sahəyə büdcənin dörddə birindən çoxunun ayrılmasından irəli gəldiyini bilib anlayışla qarşıladıqları üçün təşəkkür edirəm. Hökumətdən isə xahişim budur ki, rayonun 8 kəndini birləşdirən yol tikintisi, eləcə də elektrik təsərrüfatının yenilənməsi sürətləndirilsin. Ən azından hansısa kənddə qəza olanda bunun digər kəndlərdə işığın sönməsi ilə nəticələnməməsi üçün ayrıcıların sayı artırılsın”.
Ağdaşın su, qaz və təhsil infrastrukturu ilə bağlı təkliflər
Millət vəkili rayonun bir sıra kəndlərində hələ də içməli su qıtlığının olduğunu, Ağdaş şəhəri ilə birgə 12 yaşayış məntəqəsində qazlaşdırılmayan məhəllələrin qaldığını diqqətə çatdırıb. O, Qaradeyin istisna olmaqla rayonun Kürqırağı kəndlərinin qazsız olduğunu, Abbad kəndində isə nə qaz, nə də asfalt yolun mövcud olmadığını vurğulayaraq, gələn il bu problemlərdən heç olmasa birinin həllini tapacağına ümid etdiyini bildirib.
Təhsil infrastrukturuna toxunan S. Alıyev süni intellekt erasının tələblərinə uyğun olaraq Ağdaşda və digər rayonlarda məktəblərin birləşdirilməsini, onların yerində Zəngilandakına bənzər müasir təhsil komplekslərinin tikilməsini təklif edib.
2027-ci ilin büdcəsini "strateji adaptasiya və təhlükəsizlik büdcəsi" adlandıran deputat süni intellekt texnologiyaları və yaşıl enerji keçidinin prioritet seçilməsini yüksək qiymətləndirib, eyni zamanda Hesablama Palatasının rəyindəki irad və tövsiyələrin nəzərdən qaçırılmamasının vacibliyini qeyd edib.
Mədəniyyət komitəsinin üzvü kimi yaradıcı sənayenin iqtisadi potensialına diqqət çəkən S. Alıyev Azərbaycanın Şərqlə Qərb arasında həm də mədəni körpü rolunu oynadığını deyib:
"Baltikyanı ölkələrin təcrübəsi göstərir ki, mədəniyyətə ayrılan vəsait ÜDM-in 2-3 faizinə çatdıqda yaradıcı sənayenin ixrac potensialını dəfələrlə artırmaq mümkündür. Azərbaycan xalqının tarixi-mədəni irsi və bugünkü reallıqları imkan verir ki, yaradıcı sənayenin ixracından əldə etdiyimiz gəlir Cənubi Koreyanın göstəricisinə — 14,5 milyard dollara çatsın”.
Günel Elxan