“Ukraynanın NATO-ya üzlüyündən söhbət gedə bilməz” Dünya

“Ukraynanın NATO-ya üzlüyündən söhbət gedə bilməz”

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson bildirib ki, Rusiya-Ukrayna müharibəsini dayandırmağın yeganə yolu Ukraynanın NATO-ya üzv qəbul edilməsidir.

Mövzu ilə bağlı xalqcebhesi.az-a açıqlama verən politoloq Əhəd Məmmədli söyləyib ki, Consun baş nazir olan vaxt İstanbulda Ukrayna-Rusiya razılaşması olanda o, bunun qarşısına çıxıb və sona qədər Zelenskiyə müharibə məsləhəti vermişdi: “İndi o, artıq baş nazir deyil, Britaniya siyasətində heç bir rəsmi statusu yoxdur və Ukraynanın NATO-ya üzv olması haqqında fikirlərini bildirir. Ukrayna torpaqlarını itirib. Lap tutaq ki, Ukrayna NATO-ya üzv oldu və müharibə dayandı. Bu vəziyyətdə müharibənin dayanmasına Putin heç razı deyil. Abu-Dabidə keçirilən görüş haqqında məlumat oldu, orada Putinin tələblər siyahısı bitmək bilmirdi. Adam hələ Donbası ala bilmir, amma elə tələblər qoyub ki, az qala NATO qoşunları Avropanın yarısından çıxmalıdır”.

“Ukraynanın NATO-ya üzlüyündən söhbət gedə bilməz. Rusiya Krımı işğal edəndə gərək Ukraynanı təcili NATO üzvü etməli idilər. NATO-nun Nizamnaməsində də bir maddə var ki, müharibə aparan ölkə NATO üzvü ola bilməz. Ona görə indiki şərtlərdə Consonun belə deməyi qeyri-realdır. Lap Ukrayna NATO-ya üzv olsa belə Putin buna razı deyil, baxmayaraq ki, Donbası tamam ala bilməyib, amma şərtlər göz qabağındadır. Zelenski o vaxt Consonun sözünə yox, Rəcəb Tayyib Ərdoğanın, Hakan Fidanın sözünə qulaq assaydı, bəlkə indiki vəziyyətdə yox, daha yaxşı vəziyyətdə olardı. Ona görə də bir daha qeyd edirəm ki, Consonun dedikləri reallığı əks etdirmir və mənasız, məntiqsiz bir şey kimi görünür” – deyə politoloq bildirib.

Röya İsrafilova