Zahid Oruc: “Dünyanın 100 ən böyük korporasiyası Azərbaycana cəlb edilməlidir” Gündəm

Zahid Oruc: “Dünyanın 100 ən böyük korporasiyası Azərbaycana cəlb edilməlidir”

“Qarabağ Zəfərinin altıncı ildönümündə ali maliyyə qanunu olan dövlət büdcəsi layihəsinin müzakirəsi xüsusi məna daşıyır. Dünyada baş verən dövlətlərarası qarşıdurmalar böyük təhlükələrlə yanaşı, yeni tarixi fürsətlər də açır. Regionda qlobal embarqo və sanksiyalara məruz qalmayan tək ölkə olaraq hökumət iqtisadiyyatı qarşıdakı regional açılıma hazırlamalıdır”.

Xalqcəbhəsi.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.

Komitə sədri bildirib ki, 40 milyard manata yaxın olan dövlət büdcəsindən xalqımız üçün 400 milyardlıq mənəvi və siyasi effekti təmin etmək, milli ruhu gücləndirmək əsas vəzifədir. O, regional açılımın və kommunikasiyaların bərpasının Azərbaycan iqtisadiyyatında əməktutumlu emal sahələrinin inkişafına təkan verməli olduğunu vurğulayıb.

Z. Oruc qeyd edib ki, cari ilin sentyabrında Bakıda keçirilən II Beynəlxalq İnvestisiya Forumunda 10,8 milyard dollarlıq potensial investisiya razılaşmaları əldə olunub. Buna baxmayaraq, o, ölkəyə daha iri transmilli şirkətlərin cəlb edilməsinin vacibliyinə toxunub:
"Nə üçün «Mercedes-Benz»in regional istehsal və mühəndislik mərkəzi, Almaniyanın «Deutsche Bank»ının, Britaniyanın «Barclays» bankının regional filialları Bakıda fəaliyyət göstərməsin? Təklif edirik ki, dünyanın 100 ən böyük korporasiyasının Azərbaycanda daimi iştirakı üçün hökumət ayrıca fəaliyyət proqramı hazırlasın. Bunun üçün vergi və gömrük qanunvericiliyi ilə yanaşı, mülkiyyət hüquqlarının qorunması, maliyyə xidmətlərinin rəqabət qabiliyyəti və işgüzar mühitin proqnozlaşdırıla bilməsi mühüm əhəmiyyət daşıyır”.
Deputat həmçinin Dünya Bankının 2026-cı il tədqiqatına istinad edərək, Transxəzər Nəqliyyat Dəhlizinin yaxın on ildə 2 milyon yeni iş yeri yaradacağını və 2030-cu ilədək region ölkələri ilə Avropa İttifaqı arasında ticarəti 28 faiz artıracağını diqqətə çatdırıb.

İqtisadiyyatın struktur problemlərindən danışan Z. Oruc kənd təsərrüfatında məşğul əhalinin 35,4 faizinin çalışmasına baxmayaraq, bu sahənin ÜDM-in cəmi 5,9 faizini yaratdığını bildirib. O, həmçinin dövlət sektorunda aparılan optimallaşdırma və ixtisarların sosial-iqtisadi nəticələrini analiz edib:
"2019-cu ildə dövlət sektorunda muzdla çalışanların sayı 916 min nəfərdən çox olduğu halda, hazırda 837 min nəfər ətrafındadır. Təkcə cari ilin doqquz ayında dövlət sektorunda çalışanların sayı 29 min nəfər azalıb, qeyri-dövlət sektorunda isə 11,8 min nəfər artıb. Rayonlarda alternativ iş yerləri yaratmadan dövlət müəssisələrini ixtisar etməklə paytaxta miqrasiyanın qarşısını almaq çətin olar. Təklif edirik ki, ixtisarların açıq meyarları əvvəlcədən kollektivlərə elan olunsun, təcrübəli mütəxəssislər vahid kadr ehtiyatı bazasına daxil edilərək digər dövlət qurumlarındakı vakansiyalara yerləşdirilsinlər”.

2025-ci ildə ərzaq idxalına 2,6 milyard dollar xərcləndiyini xatırladan millət vəkili yerli istehsalın gücləndirilməsinin iqtisadi suverenlik üçün şərt olduğunu deyib. O, Dünya Bankının araşdırmasına görə Azərbaycanda müəssisələrin orta yaşının 11,8 il (Avropa və Mərkəzi Asiyada 21,6 il) olduğunu qeyd edərək, yeni açılan müəssisələrin uzunömürlülüyünün artırılması və «Made in Azerbaijan» brendi altında dünya bazarlarına çıxan milli sənaye markalarının sayının çoxaldılması üçün büdcə siyasətində xüsusi yanaşma tətbiq edilməsini təklif edib.
Sonda Zahid Oruc 2027-ci ilin dövlət büdcəsinin ölkənin iqtisadi inkişafına, müdafiə qüdrətinə və Böyük Qayıdışa etibarlı maliyyə təminatı yaratdığını bildirərək layihənin lehinə səs verəcəyini açıqlayıb.

Günel Elxan