16:40
231
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən tibb müəssisələrinə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının yoluxucu xəstəliklərlə bağlı müraciətləri zamanı göstərilən tibbi xidmətlərin maliyyələşdirilməsi məsələsində ciddi çətinliklər yaranır”.
Xalqcəbhəsi.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Məlahət İbrahimqızı parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, “Tibbi sığorta haqqında” Qanuna əsasən, icbari tibbi sığorta müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına şamil edilmir və sığortaolunan hesab edilməyən şəxslərə göstərilən tibbi xidmətlər ödənişli əsaslarla həyata keçirilir:
"Yoluxucu xəstəliklərlə əlaqədar hospitalizasiyaya tibbi göstərişi olan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına TƏBİB-in tabeliyindəki tibb müəssisələrində xidmətlərin göstərilməsi təsdiq edilmiş tariflər əsasında aparılır. Lakin həmin xidmətlərin dəyərinin aidiyyəti dövlət qurumları tərəfindən qarşılanmasını tənzimləyən konkret maliyyələşdirmə və qarşılıqlı hesablaşma mexanizminin mövcud olmaması nəticəsində göstərilmiş tibbi xidmətlər üzrə ödənişlər həyata keçirilmir və müvafiq qurumların adına borclar formalaşır”.
M. İbrahimqızı vərəm xəstəliyi ilə bağlı maliyyələşmə mexanizminə də xüsusi diqqət çəkib. O qeyd edib ki, dövlət proqramı çərçivəsində maliyyələşdirmə əsasən profilaktika, erkən aşkarlama, dispanser müşahidəsi və dərman preparatları ilə təminatı əhatə edir, stasionar tibbi xidmətlər isə ayrıca maliyyələşdirilmir və icbari tibbi sığorta sistemi vasitəsilə qarşılanır:
"Həmin xəstələrin müalicəsi infeksion nəzarət tədbirləri, xüsusi izolyasiya şəraiti, uzunmüddətli stasionar yatış, spesifik laborator və radioloji müayinələr, eləcə də fasiləsiz dərman təminatı tələb edir. Bu isə tibb müəssisəsi üçün əhəmiyyətli maliyyə və resurs yükü formalaşdırmaqla müəssisənin maliyyə dayanıqlılığına və rentabellik göstəricilərinə birbaşa təsir göstərir, stasionar xidmətlərin davamlı təşkili baxımından əlavə çətinliklər yaradır”.
Günel Elxan