Deputat: “Regionlarda xəstəxanaların maddi-texniki bazası yüksəldilməlidir” Cəmiyyət

Deputat: “Regionlarda xəstəxanaların maddi-texniki bazası yüksəldilməlidir”

“2027-ci ilin dövlət büdcəsi layihəsi ilə bağlı Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, eləcə də Hesablama Palatası tərəfindən millət vəkillərinə çox ciddi və ətraflı sənədlər təqdim olunub. Büdcə layihəsinin məzmunu hər kəs üçün anlaşılan olmalıdır”.

Xalqcəbhəsi.az xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, deputat Fazil Mustafa parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, onkoloji xəstəliklərlə bağlı icbari tibbi sığortanın bu xidmətlərə yönəlməsi vacib məsələlərdəndir və xaricdə müalicə almağa imkanı olmayan insanların çətinliklərini nəzərə alaraq, onların icbari tibbi sığortanın xidmətlərindən yararlanması təmin edilməlidir.

F. Mustafa dövlət xəstəxanalarında MRT və KT kimi müayinə qurğuları üçün uzun növbələrin yarandığını, özəl xəstəxanalarda isə əksinə, boşluq olduğunu qeyd edib:
"Bu o deməkdir ki, biz heç olmasa imkanı çatan insanlara yarı qiymətini ödəməklə həmin müalicələrin özəl xəstəxanalarda təmin olunmasına köməklik göstərməliyik. Özəl xəstəxanaların da yad bir mexanizm kimi görülməsinə son verilməlidir. Yeni səhiyyə nazirinin təyin olunması ümid verir ki, bu sahədə diqqət artırılacaq. Eyni zamanda, regionlarda xəstəxanaların maddi-texniki bazası yüksəldilməlidir ki, hər kəs müalicə üçün Bakıya axışmasın”.

Maaş islahatlarına toxunan deputat hakimiyyət bölgüsü prinsipinə əsaslanaraq məsələyə kompleks yanaşılmasının vacibliyini vurğulayıb.

O, dövlət qulluqçularının maaşlarının artırılmasının müsbət qarşılandığını, lakin məhkəmələrin daha şəffaf və ədalətli fəaliyyəti üçün hakimlərin əmək haqqı məsələsinin təcili həll olunmalı olduğunu, hətta bəzi hallarda aparat rəhbərinin məhkəmə sədrindən yüksək maaş alması kimi uyğunsuzluqların aradan qaldırılmasının vacibliyini bildirib.
Təhsil sahəsində rəqəmsal texnologiya və süni intellektin tətbiqi üçün əsas baza olan orta məktəblərin, xüsusilə idman zallarının və modul tipli sinif otaqlarının qurulmasının vacibliyini qeyd edən F. Mustafa turizmin inkişaf etdirilməsini və sahibkarlar üzərindəki məhdudiyyətlərin azaldılmasını təklif edib.
Deputat yekunda 2027-ci ilin dövlət büdcəsi layihəsini dəstəklədiyini bildirib.

Günel Elxan