“Yaradılacaq iş yerlərinin sayı əvvəlcədən proqnozlaşdırılmalıdır” İqtisadiyyat

“Yaradılacaq iş yerlərinin sayı əvvəlcədən proqnozlaşdırılmalıdır”

“Bu gün Azərbaycan iqtisadi imkanlarına və beynəlxalq siyasi nüfuzuna görə regionun aparıcı dövlətlərindən biridir. Ölkəmizin beynəlxalq mövqelərinin möhkəmlənməsi, həyata keçirilən mühüm iqtisadi layihələr, artan investisiya imkanları və əldə olunan sosial-iqtisadi nailiyyətlər ardıcıl və məqsədyönlü inkişaf strategiyasının nəticəsidir”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, eləcə də Aqrar siyasət komitələrinin üzvü Aydın Hüseynov parlamentin bugünkü iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, bütün bu uğurlar birmənalı olaraq Prezident İlham Əliyevin iradəsi, qətiyyəti, düşünülmüş və ardıcıl siyasəti sayəsində reallaşır. Onun sözlərinə görə, bu siyasətin mahiyyətində ilk növbədə Azərbaycan vətəndaşı, onun təhlükəsizliyi, rifahı və gələcək inkişafı dayanır:
"Dövlət başçısının rəhbərliyi ilə ölkədə iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, sənayeləşmə, sahibkarlığın dəstəklənməsi, yeni iş yerlərinin yaradılması və regionların sosial-iqtisadi inkişafı istiqamətində mühüm addımlar atılıb. Azərbaycan Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin genişlənməsində mühüm rol oynayır. Ölkəmizin həyata keçirdiyi müstəqil siyasət, iqtisadi potensialı və beynəlxalq təşəbbüsləri Azərbaycanın orta güc dövləti kimi səciyyələndirilməsinə əsas yaradır”.
2027-ci ilin dövlət büdcəsinin əsas göstəriciləri
Aydın Hüseynov qeyd edib ki, 2027-ci ilin dövlət büdcəsi ölkənin iqtisadi gücünü və sosial məsuliyyətini əks etdirən mühüm sənəddir:

Gəlirlər: 39,25 milyard manat (bunun 60,6 faizi qeyri-neft sektorunun payına düşür);

Xərclər: 42,4 milyard manat;

Sosialyönümlü xərclər: 18,7
milyard manat;

Müdafiə və milli təhlükəsizlik: 8,8 milyard manat;

Təhsil və elm: 5,4 milyard manat;

Sosial müdafiə və sosial təminat: 4,9 milyard manat;

Səhiyyə: 2,1 milyard manat.

Deputat xüsusilə vurğulayıb ki, qeyri-neft sektorunun büdcə gəlirlərində payının artması iqtisadiyyatın neft qiymətlərindən asılılığını azaldır. O, ayrılan vəsaitlərin səmərəli istifadəsinin vacibliyini qeyd edərək, büdcə vəsaiti hesabına yaradılacaq müvəqqəti və daimi iş yerlərinin sayının əvvəlcədən proqnozlaşdırılması üçün xüsusi hesablama metodologiyasının hazırlanmasını təklif edib.
Qaradağ rayonunun inkişafı və gözləntilər
Çıxışında təmsil etdiyi Qaradağ rayonunun sənaye, nəqliyyat və logistika potensialına toxunan millət vəkili Ələt Beynəlxalq Dəniz Ticarət Limanının və sənaye müəssisələrinin ölkə iqtisadiyyatındakı rolunu qeyd edib.
Bununla yanaşı, A. Hüseynov rayon sakinlərinin sosial-məişət problemlərinin həllinin vacibliyini önə çəkib. O, yeni icra başçısı Natiq Əliyevin qısa müddətdə sakinlərlə çoxsaylı görüşlər keçirməsini müsbət qiymətləndirərək, qaldırılan məsələlərin həlli üçün konkret addımların atılmasının zəruriliyini vurğulayıb:
"Qarşıdakı dövrdə Qaradağ qəsəbələrinin yol və kommunal infrastrukturu yenilənməli, içməli su və kanalizasiya problemləri həll olunmalı, təhsil və səhiyyə müəssisələrinin imkanları genişləndirilməlidir. Həmçinin ekoloji problemlərin həllinə diqqət artırılmalı, rayonun sənaye potensialından səmərəli istifadə edilməklə xüsusilə gənclər üçün yeni iş yerləri yaradılmalıdır. 2027-ci ilin dövlət büdcəsindən əsas gözləntimiz bu istiqamətlərə dəstəyin artırılmasıdır”.

Günel Elxan