Deputat: “Qusarda uşaqların cəmi 6,9 faizi bağçaya gedir” Cəmiyyət

Deputat: “Qusarda uşaqların cəmi 6,9 faizi bağçaya gedir”

“Dövlət büdcəsi sadəcə gəlir və xərclərin cəmi deyil, dövlətin iqtisadi gücünün, maliyyə imkanlarının və gələcəyə baxışının ifadəsidir. Bu baxımdan, 2027-ci ilin dövlət büdcəsi layihəsi ölkənin sosial-iqtisadi inkişafının davam etdirilməsi üçün mühüm maliyyə sənədidir”.

Xalqcəbhəsi.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini, deputat Azər Badamov parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.
Deputat qeyd edib ki, büdcə gəlirləri ilə bağlı əsas prioritetlərdən biri neft gəlirlərindən asılılığın azaldılması və qeyri-neft sektorunun iqtisadi artımın əsas dayağına çevrilməsidir:
"Bunun yolu iqtisadiyyatın şaxələndirilməsindən, sənaye istehsalının genişləndirilməsindən və yüksək əlavə dəyər yaradan məhsulların istehsalından keçir. Xüsusilə aqrar emal sənayesinin inkişafı vacibdir. Kənd təsərrüfatı məhsullarını xammal kimi deyil, emal olunmuş hazır məhsul kimi bazarlara çıxarmaq həm daxili tələbatın ödənilməsi, həm də qeyri-neft ixracının artırılması baxımından əhəmiyyətlidir. Bunun üçün regionlarda aqrar emal müəssisələrinin yaradılması stimullaşdırılmalı, sahibkarlar üçün güzəştli maliyyələşmə mexanizmləri genişləndirilməlidir”.
A. Badamov büdcə xərcləri arasında müdafiə və təhlükəsizlik, elm və təhsil, səhiyyə, əsaslı vəsait qoyuluşu, eləcə də işğaldan azad edilmiş ərazilərin bərpasının strateji əhəmiyyət daşıdığını bildirib. O, dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında azad edilmiş ərazilərdə "Böyük Qayıdış"la yanaşı, sənaye, kənd təsərrüfatı, mədənçilik və turizmin inkişafı hesabına "Böyük İqtisadi Qayıdış"ın da təmin ediləcəyini vurğulayıb.
Məktəbəqədər təhsil və rəqəmsal xidmətlərlə bağlı təkliflər
Sosial xərclərə toxunan millət vəkili ölkə üzrə uşaqların yalnız 42 faizinin, təmsil etdiyi Qusar rayonunda isə cəmi 6,9 faizinin məktəbəqədər təhsilə cəlb olunduğunu diqqətə çatdırıb. O, Qusarda mövcud məktəbəqədər təhsil müəssisələrinin yenidən qurulmasının və yenilərinin tikilməsinin dövlət investisiya proqramına daxil edilməsini xahiş edib.
Deputat həmçinin rəqəmsal iqtisadiyyat və süni intellekt texnologiyalarının regionlarda inkişafının vacibliyini qeyd edərək, my.gov.az platformasından bölgələrdə istifadənin genişləndirilməsi üçün maarifləndirmə və praktiki təlimlərin təşkilini, zərurət yaranarsa, bu məqsədlə maliyyə vəsaitinin ayrılmasını təklif edib.
Şahdağ ətrafındakı kəndlərin yolları yenidən qurulmalıdır
Çıxışının sonunda Qusar rayonunun turizm potensialından danışan A. Badamov Şahdağ Turizm Mərkəzində beynəlxalq xizək yarışlarının keçirilməsinin bölgəyə marağı daha da artıracağını deyib:
"Şahdağ istiqamətində əsas yol müasirləşdirilsə də, həmin yola bitişik və kompleksə yaxın yerləşən Urva, Əniğ, Xuray və Suvacal kəndlərinə gedən yolların vəziyyəti müasir tələblərə cavab vermir. Bu yolların yenidən qurulması həm yerli əhalinin rahatlığı, həm də turizm marşrutlarının genişləndirilməsi baxımından vacibdir. Həmin yolların 2027-ci ildə yenidən qurulması üçün zəruri vəsaitin dövlət investisiya proqramında nəzərdə tutulmasını xahiş edirəm”.

Günel Elxan