Ermənistan tərəfinin növbəti təxribatı Siyasət

Ermənistan tərəfinin növbəti təxribatı

Ziyafət Əsgərov: "NATO PA-ya dəvət olunmayacağımız haqda iddialar yanlışdır"

"Ermənistan və Azərbaycan nümayəndə heyətlərinin guya bundan sonra NATO Parlament Assambleyasının iclaslarına dəvət olunmayacaqları haqda xəbərlər tam yanlışdır".
Bunu APA-ya açıqlamasında Milli Məclis sədrinin birinci müavini, NATO Parlament Assambleyasında Azərbaycan parlamenti nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov deyib. O bildirib ki, bu informasiyalar Ermənistan tərəfinin növbəti təxribatıdır: "NATO PA-nın sessiyasında qətiyyən bu cür söhbət olmayıb. Sadəcə, ermənilər sessiyada elə gülünc və sözlə deyilməsi mümkün olmayan vəziyyətə düşdülər ki, indi bu cür təxribatlara əl atırlar. Belə bir şey qətiyyən ola bilməz və ümumiyyətlə, bu haqda hər hansı söhbət, müzakirə olmayıb".
Qeyd edək ki, Ermənistanın NATO PA-dakı nümayəndə heyətinin üzvü Tevan Poqosyan Rusiyanın "RİA Novosti" agentliyinə açıqlamasında qurumun sessiyalarında Ermənistan və Azərbaycanı təmsil edən deputatlar arasında davamlı olaraq mübahisə və qalmaqal yaşandığı üçün hər iki ölkə nümayəndə heyətlərinin bundan sonra sessiyalara dəvət olunmayacaqlarını söyləyib.