Elmar Məmmədyarov almaniyalı həmkarına məktub ünvanlayıb Siyasət

Elmar Məmmədyarov almaniyalı həmkarına məktub ünvanlayıb

Xarici İşlər Nazirliyi Elmar Məmmədyarovun almaniyalı həmkarı Frank-Valter Ştaynmayerə göndərdiyi məktubun mətnini açıqlayıb.
XİN-dən verilən məlumata görə, məktubda Azərbaycanda alman məskənlərinin salınmasının 200 illiyi ilə əlaqədar Azərbaycan hökumətinin hər zaman Almaniya ilə mədəni əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyi və hər iki ölkəni bir-birinə yaxın edən çoxsaylı tarixi halların olduğu qeyd edilib.
1947-ci ildə Bremen muzeyindən götürülən məşhur rəssamlar Rembrant van Reyn, Albrex Durur, Nikola Pussin, Antoni van Duk, Jakob van Ruisdal və digərlərinin rəsm əsərlərinin 1999-cu ildə prezident Heydər Əliyevin sərəncamına əsasən Almaniyaya geri qaytarıldığını diqqətə çatdıran Elmar Məmmədyarov, XIX-XX əsrlərdə alman arxitektorlar Nikolaus von der Nonne və Adolf Eixler tərəfindən layihələndirilən çoxsaylı arxitektur binaların hələ də Bakı və digər şəhərlərin küçələrinin ruhunu oxşadığını bildirib. Məktubda alman mühacirlər tərəfindən tikilən binaların, xüsusən də dörd kilsənin son bir neçə il ərzində təmir edildiyi də qeyd olunub.
Məktubda bildirilir ki, Azərbaycanın təşəbbüsü ilə Cənubi Qafqazda alman məskənlərinin salınmasının 200 illiyi UNESCO-nun rəsmi bayramları siyahısına daxil edilib. Bu xüsusda, bayram tədbirlərinə dəstək məqsədilə Azərbaycan Almaniya və Gürcüstanla birlikdə UNESCO-nun qərargahında, Bakı, Göygöl, Berlin, Ştutqart və Tiflis şəhərlərində bir sıra tədbirlərin keçirilməsini nəzərdə tutub.
Məktubda həmçinin xatırladılır ki, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyialmaniyalı həmkarları və digər maraq göstərən tərəflərlə birlikdə ölkəmizin müxtəlif regionlarında məskunlaşan alman mühacirlərin həyatını əks etdirən "Azərbaycanda Alman Məskənləri" adlı layihə hazırlayıb. Layihənin tərkib hissəsi kimi Gədəbəydə Siemens muzeyinin abadlaşdırılması və bərpası, Göygöldə Regional Muzeyin abadlaşdırılması və bərpası, Göygöldə ənənəvi eko-hotelin abadlaşdırılması və bərpası, Şəmkirdə Alman İrsi Mərkəzinin abadlaşdırılması və bərpası planlaşdırılıb.
E. Məmmədyarov məktubda sözügedən layihənin 25-27 aprel tarixlərində Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda təqdim edildiyini və böyük maraqla qarşılandığını da əlavə edib. O, bu mədəni tədbirlərin hər iki xalq arasında körpü rolunu oynayacağına inandığını bildirib.