“Dəyişikliklər Azərbaycan xalqının rifah halını daha da yaxşılaşdıracaq” Siyasət

“Dəyişikliklər Azərbaycan xalqının rifah halını daha da yaxşılaşdıracaq”

Sevinc Fətəlioyeva: "Digər vacib sahələrin inkişafına şərait yaradacaq"

Eldəniz Səlimov: "Radikalların nə deməsinə ciddi fikir vermək lazım deyil"

"Prezident İlham Əliyevin Konstitusiyaya təklif etdiyi dəyişikliklər dövlətimizin daha da güclü olması, xalqımız üçün daha geniş imkanların yaradılması baxımından çox önəmlidir". Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib. O qeyd edib ki, dəyişikliklər Azərbaycan xalqının rifah halını daha da yaxşılaşdıracaq: "Konsitutsiyaya təklif olunan dəyişikliklər vətəndaşların daha da təhlükəsiz yaşaması, dövlət və milli maraqlarımızın qorunması, gənclərimizə daha geniş imkanların yaradılması, insan hüquqlarının daha da təkmilləşdirilməsi və digər vacib sahələrin inkişafına şərait yaradacaq".
Millət vəkili bildirib ki, konstitusiyaya dəyişikliklər edilməsi zamanın tələblərinə uyğunlaşmaq baxımından zəruri addımdır: "Azərbaycanda bütün sahələrdə sürətli inkişaf gedir. İnkişaf olduqca, zamanın tələbləri dəyişdikcə ona uyğun olaraq konstitusiyada dəyişikliklər edilməsi vacibdir. Bu dəyişikliklər vətəndaşlarımızın hüquq və azadlıqlarının qorunması, dövlət strukturlarının təkmilləşdirilməsi, Silahlı Qüvvələrin gücləndirilməsi, xalqımızın həyat şəraitinin daha da yaxşılaşdırılması və digər məsələlərin inkişafına xidmət edir".
Deputat vurğulayıb ki, millət vəkili və prezidentliyə namizədlərin yaş həddinin dəyişdirilməsi müasir yanaşmanın və demokratik inkişafın göstəricisidir.
Millət vəkili Eldəniz Səlimov da Referendum Aktına münasibətini açıqlayıb. Deputat hesab edir ki, Konstitusiyaya təklif olunan dəyişikliklər Azərbaycanda gedən iqtisadi inkişafdan, ölkədə vətəndaşların hüquq və azadlıqlarının qorunması, dövlət strukturlarının təkmilləşdirilməsi, Silahlı Qüvvələrin gücləndirilməsi, respublikanın təhlükəsizlik sisteminin möhkəmləndirilməsi, vətəndaşların məhkəmələrə özlərinin hüquqlarının qorunması üçün müraciətlərinin tam şəkildə təmin edilməsi, aidiyyatı orqanların fəaliyyətindən və ya fəaliyyətsizliyindən müraciət olunması, o cümlədən, seçkili orqanlarda iştirak və burada olan baryerlərin aradan qaldırılması zərurətindən irəli gələn dəyişikliklərdir.
Millət vəkili deyib ki, həmçinin, bu dəyişikliklər bilavasitə Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalardan, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasından meydana çıxan dəyişikliklərdir: "Odur ki, bu dəyişikliklər çox vacibdir, aktualdır və günün tələblərinə tam cavab verir".
Millət vəkili bu baxımdan, radikal müxalifətin konstitusiyaya təklif edilən dəyişikliklərə etirazını absurdluq və arqumentsizlik hesab edir: "Onların iddialarında heç bir məntiq yoxdur, özləri də nəyə etiraz etdiklərini düz-əməlli bilmirlər. Ona görə də radikalların nə deməsinə ciddi fikir vermək lazım deyil. Əsas odur ki, dövlət başçısı Azərbaycanın inkişafını və gələcəyini düşünərək belə bir təşəbbüslə çıxış edib və bu təşəbbüs də Azərbaycan xalqının ürəyindəndir".