20:50
343
“Kənd təsərrüfatı sahəsində hazırlanmış yeni proqrama əsasən, artıq bazara çıxarılacaq bütün məhsulların və onların istehsalçılarının sistemdə qeyd olunması nəzərdə tutulur”.
Bu barədə iqtisadçı ekspert Günay Hüseynova “Xalq Cəbhəsi”nə açıqlamasında bildirib.
Onun sözlərinə görə, növbəti mərhələdə idxal olunan məhsullarla bağlı da sistemləşdirmənin aparılması gözlənilir:
“Düşünürəm ki, bu sahədə ciddi islahatların həyata keçirilməsi istehsalçının məsuliyyətini daha da artıracaq. Təbii ki, deyə bilmərik ki, bazarda bütün məhsullar və ya əksəriyyəti zərərlidir. Bazarda satılan hansısa məhsuldan qida zəhərlənməsi və ya xəstəlik keçməsi barədə şikayətlərlə də rastlaşmamışıq. Lakin günümüzdə bazardakı sanitariya şəraiti az-çox məlumdur.
Bu sahədə normalara riayət olunsa belə, elektron lövhələrdə məhsula dair məlumatların göstərilməsi məqsədəuyğun olardı. Məsələn, ağartı məhsulunun yağlılıq faizi, istehsal olunduğu rayon, kənd və ya şəhər, həmçinin istehsalçının adı qeyd edilməlidir”.
Ekspert hesab edir ki, bütün bazarlarda yeni standartlara cavab verən elektron tərəzilər və POS-terminallar quraşdırılmalıdır:
“Sanitariya və gigiyena qaydalarına riayət olunmasına gündəlik və mütəmadi olaraq aidiyyəti qurum tərəfindən nəzarət edilməlidir. Eyni zamanda elektron tərəzilərə də nəzarət olunmalı, nasazlıq və ya əskik çəkmə problemi varsa, aradan qaldırılmalıdır.
Hazırkı bazar mühitində vəziyyət fərqlidir. Bilinmir ki, məhsulu kim, haradan gətirib, harada istehsal olunub. Məhsul saxta olsa belə, kassa çeki yoxdur, rəsmi məsuliyyət daşıyan kimsə yoxdur. Zay məhsul olsa belə, istehlakçı bir-iki kiloqram məhsula görə onu geri qaytarmır”.
Günay Hüseynova vurğulayıb ki, əsas məsələlərdən biri də istehlakçıya seçim azadlığının verilməsidir:
“Arxa tərəfdə xarab məhsulu da qoyub, üstəlik istehlakçını çəkidə də aldadırlar. Bu kimi problemlər də aradan qaldırılmalıdır. Gigiyenik normalara riayət etməklə market və böyük mağazalardakı kimi istehlakçıya seçim sərbəstliyi verilməlidir.
Bazarların girişində ümumi elektron tərəzi və nəzarətçi qurumun nümayəndəsi olmalıdır. Məsələn, Türkiyədə yerli bələdiyyələr nəzarət edir. Bələdiyyənin tabeliyində “zabıta məmurları” fəaliyyət göstərir. Əgər satıcıdan qaynaqlanan hər hansı ciddi pozuntu aşkarlanarsa, onun icazəsi dərhal ləğv edilir və həmin şəxs satış həyata keçirə bilmir”.
Günel Elxan
10:39
791
16 Sentyabr 16:05
952
16 Sentyabr 15:12
973