“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesi intensiv xarakter alıb” Siyasət

“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesi intensiv xarakter alıb”

Rövşən Rzayev: "Avqust danışıqlarının nəticəsində də Azərbaycan ərazi bütövlüyü təmin olunacaq""

"Ümumiyyətlə, son dövrlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesi intensiv xarakter alıb. Azərbaycanın sülhsevər mövqeyi artıq danışıqlar prosesini o həddə çatdırıb ki, işğalçı dövlətin bugünki durumu məcburən sülh yolu ilə Azərbaycan ərazisinin silahlı qüvvələrindən təmizlənməsi etapını gətirib çatdırıb. Allah qoysa, bu il avqust danışıqlarının nəticəsində də Azərbaycan ərazi bütövlüyü təmin olunacaq". Bunu millət vəkili Rövşən Rzayev deyib. Deputatın sözlərinə görə, danışıqlar nə qədər tez intensiv olsa, bir o qədər problemin həllinə nail olarıq: "Ortada ciddi məqamlar olmasa, işğalçı dövlət konstruktiv mövqe göstərməsə danışıqların əhəmiyyəti itəcək. Ona görə də görünür ki, danışıqlar prosesində artıq irəliyə doğru addımlar atılır. Təbii ki, prezidentlərin görüşməsinin ehtiyacı da yaranır. Ona görə də bu cür görüşlərin davam etməsi sülhsevər Azərbaycanın marağındadır. Danışıqlar prosesini aparan ölkə rəhbəri cənab İlham Əliyevdir. Bu prosesdə ölkə başçısı ilə xalqın istəyi eynidir. Biz gözləyirik ki, yaxın zamanlarda bu problem öz həllini tapacaq".
O həmçinin əlavə edib ki, qarşıda Azərbaycan və Ermənistan prezidentlərinin Fransada gözlənilən görüşü Dağlıq Qarabağla bağlı çox ciddi vədlər verir. Fransa görüşünə ümidlərin olduğunu deyən millət vəkili bildirib ki, Azərbaycan öz ərazi bütövlüyünün sülh yolu ilə təmin edilməsi prosesini intensivləşdirəcək: "Prezident İlham Əliyevin bu məsələ ilə bağlı mövqeyi birmənalıdır. Ona görə də Ermənistan gələcəkdə bir dövlət kimi inkişaf etmək istəyirsə, Azərbaycanın ərazi bütövlüyünü tanımalı və qoşunlarını işğal altında saxladıqları torpaqlarımızdan tezliklə geri çəkməlidir. Bu, Fransada danışıqlar prosesinin əsas predmeti olacaq. Bu gün Ermənistanda baş verən hadisələr Dağlıq Qarabağla bağlı gedişatı dəyişə bilməz. Ermənilər artıq səhra düşüncəli başçılarından beziblər. Bunun da səbəbi Sərkisyan kimi səriştəsiz, cinayətkar, cani, passiv bir başçının öz xalqını, dövlətini bu cür iflasa uğratmasıdır. Sərkisyan nə qədər çalışsa da, danışıqlar prosesini əngəlləyə bilməyəcək".
R.Rzayev qeyd edib ki, Azərbaycanın bu gün Dağlıq Qarabağı azad etməyə tam hüququ çatır və zaman lehimizə işləyir: "Prezident prosesi birbaşa aparan şəxsdir və dəfələrlə çıxışlarında danışıqlar xətrinə danışıqların olmayacağını qeyd edib. Hazırda ortada olan variant Madrid prinsiplərinin yenilənmiş variantıdır. Düzdür, bu sənəd imzalanmayıb, ancaq Dağlıq Qarabağ və onun hüdudlarından kənarda olan 7 rayonun azad olunmasının qaydaları artıq növbəti danışıqların predmetidir və düşünürəm ki, problem yaxın gələcəkdə öz həllini tapacaq".
Qeyd edək ki, Ermənistan və Azərbaycan prezidentlərinin sonuncu görüşü iyunun 20-də Rusiyanın Sankt-Peterburq şəhərində keçirilib. Növbəti görüşün isə avqustda Parisdə, daha sonra isə ABŞ-da baş tutacağı gözlənilir.