“Türkiyəyə G-20 sammiti çox lazım idi” Siyasət

“Türkiyəyə G-20 sammiti çox lazım idi”

"Çində keçirilən G-20 sammiti ilk dəfə deyil ki, baş tutur. Bu sammitdə adətən dünyanın iri dövlətlərinin siyasi, iqtisadi problemlərinin müzakirəsindən söhbət gedir və gələcək yol xəritəsi cızılır". Bunu politoloq Cümşüd Nuriyev deyib. Onun sözlərinə görə, bu gün Türkiyəyə G-20 sammiti çox lazım idi: "Çünki Türkiyə-ABŞ, eləcə də Türkiyə-Avropa Birliyi iqtisadi münasibətləri gərgin bir müstəviyə keçmişdi. Bundan başqa Türkiyədəki məlum dövlət çevrilişi cəhdindən sonra daxili gərginlik də çox güclüdür. Bununla belə rəsmi Ankara Suriya ərazisində PKK-ya qarşı da mübarizəyə girişib. Bütün bunların fonunda ABŞ mövqeyi ilə də tanış olmaq lazım idi. Ona görə də bu sammitdə müzakirə olunan məsələlərdən biri də Suriya ilə bağlıdır. Təbii ki, bütün bunların hamısında Türkiyə iştirak edirdi. Artıq rəsmi Ankaranın iradəsi ortadadır. Yəni ölkənin bir növ konfidensial danışıqlarda tələbləri səsləndirilməlidir. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan da bunu edib.
Yaxın bir həftə, 10 gün ərzində Türkiyənin informasiya agentlikləri, tekekanallarının mövqeyindən hansı istiqamət götürüləcəyi müəyyən olunacaq. Amma bütün hallarda son iki ayda Türkiyənin ortaya qoyduğu iradə bir növ ABŞ-ı və Avropa Birliyini öz xarici siyasətlərində müəyyən korrektə etməyə məcbur edir. Çünki Türkiyə NATO-nun üzvüdür və Rusiya ilə münasibətləri kifayət qədər yaxınlaşıb".