“Öz səhvlərini başa düşəcəklər” Siyasət

“Öz səhvlərini başa düşəcəklər”

Asim Mollazadə: " Avropa parlamentinin erməni lobbisinin təsiri altında olan və olmayan qüvvələri biləcəklər ki, Azərbaycana qarşı aparılan haqsız və əsassız informasiya müharibəsinə yol vermək olmaz"

"Ölkə başçısının dünən Avropa İttifaqı deputatlarını qəbul edərkən etdiyi çıxış həqiqətən də çox düzgün atılmış addımdır. Prezident çıxışı ilə Azərbaycanın qətiyyətli və prinsipial mövqeyini ortaya qoydu və çox haqlı sözlər dedi". Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə deyib. Deputat bildirib ki, prezidentin dünən etdiyi çıxış Azərbaycana qarşı aparılan kampaniyanın iç üzünü açdı: "Prezident İlham Əliyev Azərbaycana qarşı aparılam qərəzli informasiya müharibəsinin konkret faktlarını ortaya qoydu. Hesab edirəm ki, Azərbaycan ikitərəfli və qarşılıqlı maraqlar çərçivəsində bütün ölkələr və beynəlxalq təşkilatlarla münasibətlərini qurmaq istəyir. Bu, bizim əsas məqsədimizdir".
Asim Mollazadə deyib ki, əgər Avropa parlamenti və qurumları Azərbaycana qarşı qərəzdən əl çəkməsələr, münasibətlər heç də yaxşı olmayacaq:
"Biz gözləyirik ki, beynəlxalq təşkilatlar Azərbaycana beynəlxalq hüquq prinsipləri və qanunun aliliyi ilə yanaşsınlar. Yalnız bu halda Azərbaycan Avropa İttifaqı, Avropa parlamenti və digər qurumları ilə normal münasibətlər qura bilər və mövcud münasibətlər normallaşar. Əks halda, biz heç kəsə, heç bir dövlətə, təşkilata Azərbaycanla istədiyi kimi davranmağa, öz maraq və prinsiplərini üstün tutmağa imkan verməyəcəyik. Azərbaycan xarici siyasəti hər zaman tərəfdaşlığa və əməkdaşlığa tam hazırdır. Çünki burada Avropanın maraqları olduğu kimi, Azərbaycanın da maraqları var". Deputat hesab edir ki, prezident İlham Əliyevin dünənki sərt çıxışından Avropa parlamenti və Avropa Birliyi nəticə çıxaracaq: "Hesab edirəm ki, ölkə başçısının dünənki çıxışından sonra Avropa parlamentinin erməni lobbisinin təsiri altında olan və olmayan qüvvələri öz səhvlərini başa düşəcəklər. Onlar biləcəklər ki, Azərbaycana qarşı aparılan haqsız və əsassız informasiya müharibəsinə yol vermək olmaz. Bizim istəyimiz odur ki, Azərbaycana qarşı haqsız və böhtan xarakterli informasiya müharibəsinə son qoyulsun. Bu gün çox zəngin şəkildə təşkilatlanmış erməni lobbisinin təsiri altında olan Avropa qurumları artıq bu yoldan dönməlidirlər. Azərbaycan xaricdən, müxtəlif beynəlxalq təşkilatlardan gələ biləcək hücum və təsirlərə qarşı hər zaman ayıq olmalıdır".