Qarabağ muxtar respublika ola bilərmi? Siyasət

Qarabağ muxtar respublika ola bilərmi?

Elxan Şahinoğlu: "Ermənistanın reaksiyanın neqativ olacağı indidən bəllidir"


Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın "Sputnik" agentliyinə müsahibəsində Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı vacib nüansa toxunub. Ölkə başçısı deyib ki, yerli özünüidarəçilik məsələlərində kompromis mümkündür.
"Səmərəli güzəşt mövcuddur. Güzəştlər Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyinin, onların həyat fəaliyyətinin, özünü idarəetmənin təmin olunması, Azərbaycan tərəfindən müxtəlif investisiya layihələrinin həyata keçirilməsi, Dağlıq Qarabağ Muxtar Vilayəti kənarında torpaqların azad olunması şərti ilə iki xalq arasında qarşılıqlı əlaqələrin bərpasından ibarətdir. Bax, biz münaqişənin nizamlamasını belə görürük", - deyə Azərbaycan prezidenti bildirib.
Ölkə başçısının sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyü məsələsində heç bir güzəşt olmayacaq: "Biz heç vaxt Dağlıq Qarabağın müstəqilliyi ilə razılaşmayacağıq. Əgər biz razılaşsaq, region muxtar respublika ola bilər. Ermənistan rəhbərliyi bunu yaxşı anlayır, sadəcə erməni ictimaiyyətinin fikri ilə manipulyasiya edir, düşmən obrazı yaradır, danışıqlar prosesinin mahiyyətini təhrif edir, bununla da Azərbaycanı sanki erməni əhalini məhv etmək, onu qovmaq istəməsi kimi təqdim edirlər. Bu, belə deyil".
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, bu, rəsmi Bakının böyük güzəştidir: "Əgər biz əvvəlki illərdə güzəşt kimi daha çox "yüksək statusa malik muxtariyyət" ifadəsi işlədirdiksə, indi bunun konkret adını deyirik: "Müxtar Rüspublika" Muxtar Respublikanın özünün parlamenti, hökuməti, yerli polis qüvvələri və. s atributları olur. Bir şərtlə ki, bütün bu strukturlarda Dağlıq Qarabağa qayıdan azərbaycanlılar da iştirak etsin. Məsələn, Şuşanın özünün də yerli icra strukturları olmalıdır. Buna baxmayaraq, "muxtar respublika" ifadəsinin özündə konkret nələri ehtiva etdiyini özümüz üçün müəyyənləşdirməliyik".
Politoloq hesab edir ki, hakimiyyətin "Muxtar Respublika"nın statusuyla bağlı konkret sənəd hazırlaması və bunu müzakirə üçün həmsədrlərə təqdim etməsi lazımdır. Çünki, çox zaman beynəlxalq vasitəçilər Azərbaycan tərəfini onda qınayırlar ki, "bizim təklifləri bəyənmirsiniz, ancaq özünüzünkü də yoxdur". Ona görə də "Muxtar Respublika" ilə bağlı təkliflər paketi hazırlanmalıdır".
E.Şahinoğlu qeyd edib ki, prezident İlham Əliyevdən müsahibəni "Sputnik" agentliyinin rəhbəri, Rusiyanın dövlət kanalı olan RTR-də bazar günü yayınlanan analitik proqramın müəllifi və aparıcısı Dmitri Kilseyov götürüb: "Kiselyov sıradan bir jurnalist deyil və açıq demək lazımdır ki, həmin kanalda qatı ermənipərəst mövqeyi ilə tanınan Vladimir Solovyovdan fərqli olaraq Azərbaycan əleyhinə mövqe ortaya qoymayıb. Böyük ehtimalla Kiselyovun Əliyevdən götürdüyü geniş müsahibə bu bazar günü RTR-də yayınlanacaq. Bu proqramı Rusiyanın geniş ictimaiyyəti ilə yanaşı qonşu ölkənin siyasi elitası və ekspert dairələri də izləyir. Bu baxımdan Ermənistan rəsmiləri İlham Əliyevin Qarabağla bağlı müsahibədə səsləndirdiyi fikirlərinə reaksiya verəcək. Doğrusu, bu reaksiyanın neqativ olacağı indidən bəllidir.
Fikrimcə, İlham Əliyevin rus agentliyinə verdiyi müsahibənin əsas hədəfi Ermənistan yox, məhz elə Rusiya hakimiyyətidir. Tatarıstan Rusiyanın tərkibində Muxtar Respublikadır. Bu respublika Rusiyanın ən varlı bölgələrindəndir. Demək, Kreml tərəfdaş adlandırdığı Azərbaycanda da Dağlıq Qarabağ Muxtar Respublikasının əleyhinə olmamalıdır. Ancaq bunu da bəyənməsələr və Ermənistan hakimiyyətinə anlatmasalar İlham Əliyevlə eyni gündə açıqlama verən Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədovun "Dağlıq Qarabağ münaqişəsinin dondurulmuş qalması hər an qaynar müharibəyə səbəb ola bilər" mesajını diqqətə almalı olacaq. Cənubi Qafqazda davamlı müharibə isə Rusiyanın maraqlarına cavab vermir".