“Çox vacib səfərdir” Siyasət

“Çox vacib səfərdir”

"İsrailin baş naziri Benyamin Netanyahu heç vaxt Azərbaycan rəsmi səfərdə olmayıb, ilk dəfədir ölkəmizə gəlir. Bu səfər həm Azərbaycan, həm də İsrail üçün böyük əhəmiyyət kəsb edir".
Bu sözləri Milli Məclisin yəhudi əsilli deputatı Yevda Abramov İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana bu gün başlanan səfəri haqda danışarkən deyib.
Deputatın fikrincə, iki ölkə arasında elə zəruri məsələlər olur ki, bunun həlli ilə bağlı dövlət rəhbərləri görüşməlidir: "Bu, cəmi bir günlük səfərdir. Netanyahu Bakıdan sonra Qazaxıstana gedəcək. İsrail baş naziri ilk dəfə 1997-ci ildə Qazaxıstana uçarkən gecə yarısı mərhum Heydər Əliyevlə 1 saatlıq görüşmüşdü. O, rəsmi səfər deyildi".
Yevda Abramovun sözlərinə görə, Azərbaycanın İsraillə strateji partnyorluğu var, dövlətlər hər iki xalqın mənafeyinə uyğun olaraq bir sıra sahələrdə tərəfdaşlıq edir: "Bu tərəfdaşlığı daha da dərinləşdirməliyik. Dünyada baş verən hadisələr diktə edir ki, biz bölgədə bir sıra ölkələrlə əlaqələrimizi daha da yaxşılaşdırmalıyıq. Bu mənada İsrail baş nazirinin ölkəmizə səfəri hər iki dövlət üçün böyük əhəmiyyət kəsb edir".
Deputat səfər fonunda İran siyasilərinin və din xadimlərinin kəskin açıqlamalarına da münasibət bildirib: "Həmişə demişəm ki, İsrailin adı çəkilən yerdə İran dövləti heç vaxt xoş ifadələr səsləndirmir. Bu münasibətin səbəbi ilə bağlı sual İranın Azərbaycandakı səfirliyinin nümayəndələrinə ünvanlanmalıdır. Soruşmaq lazımdır ki, axı İsraildən nə istəyirlər? Öz aləmimdə bilirəm ki, Azərbaycanın hansı dövlətlə münasibətləri dərinləşirsə İran qıcıqlanır. Burada qeyri-adi heç nə yoxdur".