Ceyhun Bayramov: Azərbaycanın beynəlxalq yardım siyasəti bundan sonra da milli prioritetlərə əsaslanacaq Siyasət

Ceyhun Bayramov: Azərbaycanın beynəlxalq yardım siyasəti bundan sonra da milli prioritetlərə əsaslanacaq

Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) 15 illik yubileyi qeyd olunur. Bu əlamətdar gün AIDA-nın ötən dövr ərzində əldə etdiyi nailiyyətlərə nəzər salmaqla yanaşı, Azərbaycanın beynəlxalq inkişaf əməkdaşlığı sahəsində keçdiyi inkişaf yolunu və bu sahəyə getdikcə daha fəal töhfə verən ölkə kimi rolunu dəyərləndirmək üçün də mühüm fürsətdir.

APA xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq İnkişafa Yardım Agentliyinin təsis edilməsinin 15-ci ildönümünə həsr olunmuş “Humanitar dəstək və inkişaf üçün əməkdaşlıq vasitəsilə qlobal həmrəyliyin təşviqi” mövzusunda konfransda çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, bu inkişaf yolunun təməlində həmrəylik və xeyriyyəçilik ənənələri dayanır: "Azərbaycan inkişaf etdikcə və dövlət institutlarını möhkəmləndirdikcə, fərdi xeyriyyəçilik ənənəsi tədricən humanitar yardımın göstərilməsi, bilik və təcrübənin paylaşılması, eləcə də inkişaf naminə tərəfdaşlığı əhatə edən sistemli dövlət siyasətinə çevrilib. Bu ənənə bu gün də davam etdirilir. Xüsusilə təhsil sahəsində bunun tarixi nümunələri mövcuddur. XX əsrin ikinci yarısında Asiya, Afrika və Latın Amerikası ölkələrindən on minlərlə tələbə Azərbaycanın ali təhsil müəssisələrində təhsil alıb. Bu gün həmin ənənə Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı Proqramı, BMT və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində həyata keçirilən proqramlar, eləcə də müxtəlif təlim proqramları vasitəsilə davam etdirilir”.

XİN rəhbərinin sözlərinə görə, Azərbaycan üçün əməkdaşlıq yalnız maliyyə yardımı göstərilməsindən ibarət deyil. Belə ki, biliklərin, ekspert təcrübəsinin və ölkəmizin uğurlu inkişaf təcrübəsinin paylaşılması yanaşmamızın getdikcə daha mühüm tərkib hissəsinə çevrilir.

Nazir onu da qeyd edib ki, Azərbaycanın beynəlxalq yardım siyasəti bundan sonra da dövlətimizin milli prioritetlərini, qarşılıqlı faydalılıq prinsipini, praktiki icranı və dayanıqlı nəticələrin əldə olunmasını rəhbər tutacaq.