Dünya İsrailin Fələstin siyasətinə qarşıdır Gündəm

Dünya İsrailin Fələstin siyasətinə qarşıdır

Fələstin Dövləti Avropa ölkələri və Kanadanın birgə bəyanatını alqışlayır

İsrailin İordan çayının qərb sahilində fələstinlilərə qarşı zorakılığı davam edir. İsrailin maliyyə naziri Bezalel Smotriç deyib ki, İsrail Qəzzanı tamamilə ələ keçirməli, orada İsrail hərbi hakimiyyəti qurmalı və Fələstin anklavında yəhudi yaşayış məntəqələri inşa etməlidir.
“İsrail Qəzza üçün məsuliyyəti öz üzərinə götürməyə razı olmalıdır”, - Smotriç bildirib.
Roma Papası XIV Leo İsraili İordan çayının qərb sahilində fələstinlilərə qarşı təkrarlanan zorakılıq hallarını dayandırmağa çağırıb.
Papa beynəlxalq ictimaiyyəti iki dövlətli həll modelinin reallaşdırılması və davamlı sülhün təmin edilməsi istiqamətində konkret addımlar atmağa səsləyib.
BMT-nin məlumatına görə, 2026-cı ilin əvvəlindən İordan çayının qərb sahilində fələstinlilərə qarşı 1430-dan çox hücum qeydə alınıb. Dağıntılar və məcburi köçürülmələr nəticəsində 1900-ə yaxını uşaq olmaqla, təxminən 3800 fələstinli evindən didərgin düşüb.
İsrailin müdafiə naziri İsrail Katz isə "Ynet" portalının təşkil etdiyi konfransda deyib ki, İsrail ABŞ bu qərarı təsdiqləyəcəyi təqdirdə müharibə nəticəsində dağıdılmış Qəzza zolağının sakinlərini ərazidən çıxarmağa hazırdır.
"Nəticə etibarilə, əhalinin köçürülməsi olmadan Qəzza üçün real həll yolu yoxdur", – deyə o bildirib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp 2025-ci ildə Qəzza zolağının təxminən 2 milyon sakininin Misir və İordaniyaya köçürülməsini təklif edib. Lakin ABŞ və Yaxın Şərqdə ictimaiyyətin etirazlarından sonra bu ideyadan geri çəkilib.
Bu arada Almaniya, Birləşmiş Krallıq, İtaliya və Fransa İsrailin Qüds yaxınlığındakı E-1 ərazisində yəhudilər üçün evlərin tikintisi ilə bağlı tender elan etmək qərarını qəbuledilməz adlandırıb və İsrail hökumətini dərhal bu planları geri götürməyə, İordan çayının Qərb sahilində məskunlaşmanın genişləndirilməsini dayandırmağa çağırıb.
Dörd ölkənin liderlərinin birgə bəyanatında deyilir: "İsrail hökumətinin E-1 məskunlaşma layihəsi çərçivəsində tikinti üçün tender elan etmək qərarı qəbuledilməzdir. Beynəlxalq ictimaiyyət uzun müddətdir ki, bu məskunlaşmaların genişləndirilməsinə qarşıdır və həm özəl, həm də açıq şəkildə dərin narahatlıqlarını ifadə edib. E-1 ərazisində məskunlaşma münaqişənin iki dövlətli həlli perspektivlərini sarsıdacaq, Fələstinin ərazi bütövlüyünü pozacaq".
Türkiyə 12 ölkə tərəfindən İordan çayının qərb sahilində qeyri-qanuni yaşayış məntəqələrində ticarət, işgüzar əlaqələri qadağan etməyə yönəlmiş addımları dəstəkləyib.
Ölkənin Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyikir: ""İsrail-Fələstin məsələsinin sülh yolu ilə həllinin təmin edilməsi və regionda ədalətli, davamlı barışığın bərqərar olması üçün İsrailin bu fəaliyyətlərinə qarşı lazımi reaksiyanın verilməsi başlıca şərt halına gəlib. Bu çərçivədə, beynəlxalq ictimaiyyətin bütün məsuliyyətli üzvlərinin oxşar qərarlar qəbul etməsini gözləyirik.
Türkiyə 1967-ci il sərhədləri əsasında paytaxtı Şərqi Qüds olan, coğrafi bütövlüyə malik, müstəqil və suveren bir Fələstin Dövlətinin yaranması üçün səy göstərməyə davam edəcək”, - XİN-in bəyanatında vurğulanıb.
Fələstinin Azərbaycandakı səfirliyindən "Xalq Cəbhəsi"nə daxil olan bəyanatda deyilir ki, Fələstin Dövləti Avropa ölkələri və Kanadanın qanunsuz məskunlaşmalarda istehsal olunan məhsulların ticarətinə qadağa tətbiq etmək niyyətini alqışlayır və beynəlxalq mövqenin təxirəsalınmaz şəkildə praktiki tədbirlərə çevrilməsinə çağırır.
Fələstin Dövləti Kanada, Danimarka, Finlandiya, Fransa, İslandiya, İrlandiya, Norveç, Polşa, Portuqaliya, İspaniya, İsveç və Birləşmiş Krallığın xarici işlər nazirləri tərəfindən yayılmış birgə bəyanatı alqışlayır.
Həmin bəyanatda bu dövlətlər beynəlxalq hüquqa əsasən qanunsuz hesab olunan məskunlaşmalarla mal ticarətinə milli məhdudiyyətlər tətbiq etmək və/və ya Avropa səviyyəsində belə məhdudiyyətlərin tətbiqini dəstəkləmək niyyətində olduqlarını bəyan ediblər.
Fələstin Dövləti Birləşmiş Krallıq, Fransa və Kanadanın qanunsuz məskunlaşmalarda istehsal olunan məhsulların ticarətini qadağan etmək məqsədilə tədbirlərin görülməsini davam etdirmək barədə qərarını yüksək qiymətləndirir. Eyni zamanda, bəyanatı imzalayan dövlətlərin İrlandiya, İspaniya, Niderland, Norveç və Belçikanın bu istiqamətdə daha əvvəl atdığı addımları təqdir etməsini alqışlayır və dünyanın digər dövlətlərini də əlavə gecikməyə yol vermədən oxşar tədbirlərin görülməsini sürətləndirməyə çağırır.
Fələstin Dövləti, həmçinin, bəyanatı imzalayan dövlətlərin «E1» məskunlaşma planı çərçivəsində tikinti tenderlərinin elan olunması barədə qərarı qətiyyətlə rədd edən mövqeyini və məskunlaşma fəaliyyətinin genişlənməsinin, eləcə də məskunlaşmaçıların terrorunun artmasının iki dövlətli həllin həyata keçirilməsi imkanını birbaşa sarsıtdığına dair təsdiqini yüksək qiymətləndirir.
Fələstin Dövləti hesab edir ki, bu mövqe həmin dövlətlərin əsaslandığı qanunlar, prinsiplər və dəyərlərlə, habelə beynəlxalq hüquq sistemi çərçivəsində onların hüquqi və mənəvi öhdəlikləri ilə açıq şəkildə uzlaşır.
Fələstin Dövləti beynəlxalq ictimaiyyəti bu mövqeyə qoşulmağa, İsraili — işğalçı dövlət kimi — Qüds də daxil olmaqla işğal olunmuş Fələstin ərazilərində qanunsuz məskunlaşma fəaliyyətini dərhal dayandırmağa məcbur etmək istiqamətində fəaliyyət göstərməyə və xalqımıza qarşı davam edən məskunlaşmaçı terroru cinayətlərini törədən şəxslərin məsuliyyətə cəlb olunmasını təmin etməyə çağırır.
Fələstin Dövləti vurğulayır ki, qanunsuz məskunlaşmalarda istehsal olunan məhsulların ticarətinə qadağa yalnız ilk addım olmalı, bunun ardınca isə bütövlükdə məskunlaşma sistemini əhatə edən daha geniş sanksiyalar tətbiq edilməlidir.
Fələstin Dövləti, həmçinin, beynəlxalq ictimaiyyəti BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin, ilk növbədə 2334 saylı qətnamənin tam icrasını təmin etməyə, Beynəlxalq Ədalət Məhkəməsinin məşvərətçi rəyinə əməl etməyə və bu hüquqi istinadları cəzasızlığa son qoyan, məskunlaşma fəaliyyətinin faktiki vəziyyət və ya qanuni iqtisadi fəaliyyət kimi qəbul edilməsinin qarşısını alan konkret tədbirlərə çevirməyə çağırır.
Eyni zamanda, işğal olunmuş Fələstin ərazilərində İsrail işğalına son qoyulması və paytaxtı Qüds olan Fələstin Dövlətinin gerçəkləşdirilməsi istiqamətində fəaliyyət göstərilməsini tələb edir.
Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Barro "X" sosial şəbəkəsində bildirib ki, Fransa daha 11 ölkə ilə yanaşı, İordan çayının Qərb sahilindəki İsrail yaşayış məskənləri ilə ticarəti dayandıracaq.
O vurğulayıb ki, yaranmış vəziyyət İsrail və Fələstin arasındakı münasibətlərin yalnız gərginləşməsinə xidmət edəcək.
"İsrailin təhlükəsizliyinə dair ciddi zəmanətlər olmadan Yaxın Şərqdə heç bir davamlı sülh mümkün deyil... Fransa həm israillilərin, həm də fələstinlilərin təhlükəsizliyinə, eləcə də regionda sülh və sabitliyə təhlükə yaradan vəziyyəti öz ticarəti vasitəsilə dəstəkləyə bilməz. Avropa da eyni tələbə riayət etməlidir", - Barro vurğulayıb.
Birləşmiş Krallığın xarici işlər naziri Ed Miliband da bildirib ki, Böyük Britaniya İsrailin İordan çayının Qərb sahilində yaşayış məskənləri tikmək planları ilə əlaqədar yaxın həftələrdə həmin dövlətə qarşı kompleks tədbirlər paketi təqdim edəcək.
Məlumata görə, o, qanunvericilərə bildirib ki, İsrailin E1 layihəsi fələstinlilərin yaşadığı ərazidən keçir.
"Biz tədbir görəcəyik və mən yaxın həftələrdə kompleks tədbirlər toplusunu təqdim edəcəyəm", - Miliband Londonun münaqişənin iki dövlət yaradılması yolu ilə həllini dəstəkləməkdə davam etdiyini vurğulayaraq deyib.
Böyük Britaniyanın Baş naziri Endi Börnhem daha əvvəl bildirib ki, Qərb sahilindəki İsrail yaşayış məskənləri ilə mal ticarətinin qadağan edilməsi üzrə tədbirləri nəzərdən keçirir.
İsrailin xarici işlər naziri Gideon Saar isə bildirib ki, hər hansı tədbir tətbiq olunacağı halda Təl-Əviv Böyük Britaniyaya qarşı hərəkətə keçəcək.
"Bizim müvafiq alətlərimiz var", - "Ynet" portalı ondan sitat gətirir.

Cavid