“Sarkisyanın bəyanatı göstərir ki...” Siyasət

“Sarkisyanın bəyanatı göstərir ki...”

İlqar Vəlziadə:"Ermənistan rəhbərliyi aprel döyüşlərindən heç bir nəticə çıxarmayıb"

"Sarkisyanın bəyanatı göstərir ki, Ermənistan rəhbərliyi aprel döyüşlərindən heç bir nəticə çıxarmayıb". Bunu açıqlamasında politoloq İlqar Vəlizadə düşmən ölkə prezidentinin Azərbaycanın işğal olunmuş torpaqlarına səfərindən sonra "münaqişənin həllinə dair heç bir danışıqlar aparılmır, ordu, əhali çətin dövrə hazır olmalıdır" bəyanatına münasibət bildirərkən deyib.
Düşmən ölkə rəhbərinin söylədiyi fikirlərin daxili publikaya hesablandığını deyən politoloq qeyd edib ki, Sarkisyan hər dəfə olduğu kimi bu dəfə də bu cür bəyanatlar səsləndirməklə insanların fikrini sosial problemlərdən yayındırmağa çalışır: "Bildiyiniz kimi Sarkisyanın komandası aprel ayında keçiriləcək parlament seçkilərinə hazırlaşır. Aprel döyüşləri onların hansı gücə malik olduğunu açıq şəkildə ortaya qoysa da, Sarkisyanın komandası yalan hərbi hazırlıqlarını göstərməklə, yenə də daxili auditoriyanı aldatmağa çalışır".
"Bundan başqa görünür Ermənistan hələ də düşünür ki, Rusiyanın onlara bu müharibədə kömək edəcək. Düşmən ölkənin bu illüziyası hələ də dağılmayıb. Rusiya müharibə istəməsə də, Ermənistan hərbi birləşmənin yaradılması ilə, hərbi-siyasi proseslərin inkişafına müəyyən təsir etməyə çalışır. Lakin bunun nə qədər real olacağını Ermənistan hələ də dərk etmək istəmir. Onlar anlamır ki, bu mümkün deyil. Çünki Həm KTMT-nin müqaviləsində, həm də Rusiyanın rəsmi mövqeyində açıq şəkildə göstərilir ki, birgə qoşun başqa məqsədlər üçün yaradılıb. Bundan başqa aprel hadisələri zamanı da Rusiyanın müharibəyə cəhd göstərmədiyi açıq şəkildə görünürdü" - deyə, İ. Vəlizadə əlavə edib.