“Azərbaycan türk dövlətlərini əlaqələndirən strateji bağdır” Siyasət

“Azərbaycan türk dövlətlərini əlaqələndirən strateji bağdır”

Azərbaycan KİV təmsilçilərinin Türkiyə paytaxtına səfəri davam edir. Dekabrın 13-də nümayəndə heyəti Avrasiya Araşdırmalar Mərkəzində (AVİM) olub. Qurumun rəhbəri Alev Kılıç görüş iştirakçılarına AVİM-in fəaliyyəti və icra etdiyi layihələr barədə məlumat verib. O, AVİM-in fəaliyyətində Qafqaza və xüsusi olaraq Azərbaycana ciddi önəm verildiyini bildirib: "Azərbaycan Türkiyə ilə dost, qardaş ölkədir. Eyni zamanda, Azərbaycan Türkiyəni digər türk dövlətləri ilə əlaqələndirən strateji bir bağdır".
KİVDF-nin icraçı direktoru, nümayəndə heyətinin rəhbəri Vüqar Səfərli KİV təmsilçilərinin Ankaraya səfərinin məqsədi, həmçinin, Azərbaycanda KİV-in durumu və rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verib. Vüqar Səfərli Azərbaycan KİV-lərinin iki ölkə arasında əlaqələrin inkişafına təkan verən istənilən layihəni dəstəklədiklərini önə çəkərək, AVİM-lə əlaqələrin də inkişaf etdirilməsinin zəruriliyini bildirib.
Görüşdə çıxış edənlər Azərbaycan və Türkiyə KİV-ləri arasında əməkdaşlığın inkişaf etdirilməsi yolları barədə fikirlərini bölüşüblər.
Nümayəndə heyətinin növbəti görüşü TRT-də keçirilib. KİV rəhbərləri TRT-nin ofisi və texniki imkanları ilə tanış olub, planlaşdırılan layihələr barədə məlumatlandırılıblar. Görüş iştirakçıları arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi istiqamətində müzakirələr aparılıb. Fondun icraçı direktoru V.Səfərli telekanal rəhbərliyinə həssas məqamlarda Azərbaycan xalqına və dövlətinə göstərdiyi yardıma, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında oynadığı rola görə təşəkkürünü çatdırıb.
Azərbaycan KİV təmsilçiləri dekabrın 13-də Ankarada "Atatürk movzeleyi"ni də ziyarət ediblər.
Səfər proqramı davam edir.