II Qlobal Açıq Cəmiyyətlər Forumu sonuncu sessiyalarını keçirib Siyasət

II Qlobal Açıq Cəmiyyətlər Forumu sonuncu sessiyalarını keçirib

Latviyanın sabiq prezidenti Vayra Vike-Freyberqa: "Bütün dünya ölkələrinin əlində bu imkan var ki, biz gələcəyimizi birgə müəyyən edək"

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə təşkilatçılığı Bakıda keçirilən II Qlobal Açıq Cəmiyyətlər Forumu dünən sonuncu sessiyalarını keçirib.
APA-nın məlumatına görə, forum çərçivəsində keçirilən IV sessiyada "Davamlı inkişaf prosesinin təmin edilməsi üçün yüksək səviyyəli idarəetmə və institusional çərçivəyə olan ehtiyac" mövzusu müzakirə olunub.
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili ölkəsinin üzləşdiyi iqtisadi, siyasi çətinliklərdən, münaqişələrdən danışıb. O, eyni zamanda Gürcüstanda aparılmış islahatlar, dövlət təsisatlarının yaranması, korrupsiya ilə mübarizədən bəhs edərək insanların təhsilə, resurslara çıxışını asanlaşdırmağın vacibliyini vurğulayıb. M. Saakaşvili bildirib ki, Gürcüstan və Azərbaycan regionda xüsusi rol oynayır və bir-birini bir çox sahələrdə dəstəkləyir: "Gürcüstan enerji uçurumunda olarkən Azərbaycan öz əhalisinin yarısını enerjisiz qoyaraq Gürcüstanı bu böhrandan çıxarmağa kömək edib. Gürcü xalqı və dövləti heç vaxt bunu unutmamalıdır".
Yəmənin sabiq baş naziri Abdul-Karim Al-Eryani isə deyib ki, ölkə demokratiyaya doğru gedirsə, bərabərlik, inteqrasiya varsa, davamlı inkişaf öz yerini tapacaq.
Daha sonrakı mövzu "Post-2015 prosesində sosial inteqrasiyanı irəli aparmaq və onun milli səviyyədə həyata keçirilməsinə dəstək vermək üçün BMT-yə təklif və tövsiyələr irəli sürmək" olub.
İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldin bildirib ki, sessiyanın məqsədi forum çərçivəsində keçirilmiş sessiyaların yekunlarının və təkliflərinin Post-2015 Davamlı İnkişaf Proqramının əsas qərar qəbul edən şəxslərinin nəzərinə daha effektiv çatdırılması üçün strategiya qurmaqdır.
Roma Klubunun həmsədri Ernst von Veiznsaecker dünyada baş verən münaqişələrdən xalqların əziyyət çəkdiyini vurğulayıb: "Birgə səylərlə bu ədavətlərə son qoyulmasının vaxtı çatıb. Bizim hazırda forum keçirdiyimiz ölkədə münaqişə yaşanır və biz bunun hazırda düz yaxınlığındayıq və ədalətdən danışırıq".
Latviyanın sabiq prezidenti Vayra Vike-Freyberqa çıxışında İkinci Qlobal Açıq Cəmiyyətlər Forumunun reallaşmasında Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə əməkdaşlığını yüksək qiymətləndirib. Sabiq prezident qeyd edib ki, forumda müzakirə edilmiş mövzulardan bu nəticə yaranıb: "İştirakçılar bütün dünya ictimaiyyəti qarşısında məsuliyyət daşıyır və birgə səylərlə dünya əhalisini narahat edən məsələləri həll etməyə, daha gözəl bir dünya üçün çalışmalıdır. Bütün dünya ölkələrinin əlində bu imkan var ki, biz gələcəyimizi birgə müəyyən edək".