Ruhaninin qalmaqallı səfəri: Qarabağa qarşı birlik Siyasət

Ruhaninin qalmaqallı səfəri: Qarabağa qarşı birlik

Təəssüflər olsun ki, İran bu gün Dağlıq Qarabağ məsələsində Azərbaycana hərbi və maddi yardım göstərmək istəmir.
Bu sözləri sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Son zamanlar İranın Ermənistanla münasibətlərinə toxunan politoloqun sözlərinə görə, Azərbaycana qarşı işğallar törədən Ermənistanı iqtisadi fəlakətdən çıxaran İran indi məhz keçmiş siyasətini genişləndirir:
"Vaxtilə boğulmaqda olan bir dövlətə nəfəslik açan və Ermənistana tətbiq edilən blokda siyasətinin baş tutmamasına bir növ yardım göstərən İran indi Ermənistanla əməkdaşlığı normal bir hadisə və suveren hüquqlarının təzahürü kimi qələmə verir. Fələstinlilərin və Qüdsün qeyrətini çəkən İran nəyə görə Dağlıq Qarabağa da eyni mövqeni göstərmir? Ermənilər yeri gələndə apardıqları müharibəyə xristian rəngi verməyi bacarır və bundan istifadə edərək xristian dünyasında həmrəylik tələb edirlər. Halbuki İranın gözü qarşısında Ermənistan müsəlman Azərbaycan dövlətinin 20 faizini işğal edib. Ermənistana qucaq açan, iqtisadi və hərbi yardım göstərən İranın hazırkı hərəkətləri başa düşülən deyil. İsrail baş nazirinin səfərindən sonra İran prezidentinin İrəvana səfəri diqqətdən yayına bilməz".
Politoloq bildirib ki, dünyanın terrorçu elan etdiyi HƏMAS və Hizbullah təşkilatına milyonlarla vəsait ayıran, bu gün Əsəd rejiminə canlı qüvvədən tutmuş silaha qədər dəstək verən İranın bölgədə apardığı siyasət heç də birxətli deyil və Ermənistanla münasibətlərdə hər şey daha aydın nəzərə çarpır:
"Təəssüflər olsun ki, İran bu gün Dağlıq Qarabağ məsələsində Azərbaycana hərbi və maddi yardım göstərmək istəmir, əvəzində işğalçı dövlətlə yaxınlaşır. Ancaq İrandan fərqli olaraq Azərbaycanın hər hansı bir dövlətlə əməkdaşlığı üçüncü bir dövlətin əleyhinə çevrilməyib".
Qeyd edək ki, İran Prezidenti Həsən Ruhani dekabrın 21-də Ermənistana səfər edəcək.