“Azərbaycanda özümüzü təhlükəsiz hiss edirik” Siyasət

“Azərbaycanda özümüzü təhlükəsiz hiss edirik”

Türkiyədəki hadisədən sonra Rusiyanın Azərbaycandakı səfirliyinin mühafizəsi üçün təhlükəsizlik tədbirləri gücləndirilib.
Bunu Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin deyib. "Bizə Azərbaycan Xarici İşlər Nazirliyinin protokol şöbəsindən zəng vuraraq soruşdular ki, mühafizə üçün əlavə tədbirlərə ehtiyac varmı? Biz cavab verdik ki, Azərbaycanda özümüzü təhlükəsiz hiss edirik. Bununla belə, qərar verdilər ki, mühafizə gücləndirilsin", - deyə səfir qeyd edib.
Doroxin Türkiyədə qətlə yetirilən Andrey Karlov haqqında da söz açıb. Rusiyanın Azərbaycandakı səfiri qeyd edib ki, Andrey Karlova Rusiya üçün böyük əhəmiyyət daşıyan Türkiyə kimi ölkənin həvalə edilməsi onun barəsində çox şey deyir.
Karlovla Rusiya Xarici İşlər Nazirliyində birlikdə çalışdıqlarını diqqətə çatdıran səfir onu böyük nüfuza malik təcrübəli diplomat kimi xarakterizə edib: "O, Konsulluq Departamentinin direktoru idi, mən isə UNESCO ilə mədəniyyət əlaqələri üzrə Departamentin direktoru idim. Andrey səfir təyinatı alan ən gənc əməkdaşlarımızdan biri idi. O, Koreya üzrə ixtisaslaşdığı üçün Koreya Xalq Demokratik Respublikasına səfir təyin olundu. Daha sonra bir müddət kadrlar üzrə departamentə rəhbərlik etdi və nəhayət, Türkiyəyə təyinat aldı. Mən onun nə düşündüyünü, hansı mövqe tutduğunu bilirdim, onun Rusiya-Türkiyə, Türkiyə-Azərbaycan münasibətlərinə dair mərkəzə göndərdiyi məlumatlarla tanış olurdum. O, layiqli insan idi. Əlbəttə, bu cür insanın bu tərzdə öldürülməsi təəssüf doğurur".