“Rusiya siyasi hiylə hesabına ABŞ-ı Suriyadan çıxara bildi” Siyasət

“Rusiya siyasi  hiylə hesabına ABŞ-ı Suriyadan çıxara bildi”

"Rusiya, Türkiyə və İran Suriyanı öz təsir zonalarına bölmək və bununla da Suriyada vəziyyəti sabitləşdirmək istəyirlər. Onlar Suriyanı terrorçulardan təmizləyərək Bəşər Əsədin hakimiyyətinin davamına şərait yaradacaqlar". Bu fikri politoloq Mübariz Əhmədoğlu deyib. O qeyd edib ki, "Reuters" Bəşər Əsədin bir müddətdən sonra daha az problemli bir liderlə əvəzlənəcəyin yazıb. Politoloq hesab edir ki, bu lider Suriya müxalifətinin lideri olacaq: "Suriyanın 3 təsir zonasına bölünməsi ilə bağlı yayılan məlumata inanıram. Rusiya bu barədə yazılan məlumatları təkzib etməyib. Adətən Suriya ilə bağlı Qərb mediasında yayılan məlumatları Rusiya təkzib edir".
M. Əhmədoğlu əlavə edib ki, Rusiya, Türkiyə və İranla birgə ABŞ-ı münaqişə regionundan çıxarıb. Amma ABŞ-ın regiona qayıtması da mümkündür: "Ona görə də 3 dövlət çalışacaq ki, ABŞ münaqişə regionuna qayıtmasın. Rusiya ABŞ-ın Suriyaya qayıda bilməyəcəyinə əmin olduqdan sonra yeni bir variant təqdim edəcək. Rusiya siyasi hiylə hesabına ABŞ-ı Suriyadan çıxara bildi".
Politoloq əlavə edib ki, gələcəkdə Rusiyanın planı İranla Türkiyə arasındakı ziddiyyətlərdən istifadə etməkdir: "İranla Türkiyə arasındakı ziddiyyət həmişə olacaq. İki dövlət arasında Suriya məsələsi ilə əlaqədar olaraq konkret ziddiyyət ocağı yaranıb. Belə ki, Türkiyə Suriya məsələsinin tənzimlənməsində Səudiyyə Ərəbistanının iştirak etməli olduğunu deyir, Hizbullahı qəbul etmir. İran isə Səudiyyənin iştirakına qarşı çıxır, Hizbullahı dəstəkləyir. Rusiya bilir ki, Türkiyə və İran arasında gərginlik artacaq. Hesab edirəm ki, Rusiya Suriyadakı vəziyyətin tam sahibi olacaq və Bəşər Əsədi hakimiyyətdə saxlayacaq".