“Aparılan işlər öz nəticəsini verir” Siyasət

“Aparılan işlər öz nəticəsini verir”

Arzu Nağıyev: "Artıq dünya ictimaiyyəti də erməni terrorunu dərk etməyə başlayır"
"Erməni terrorundan yalnız Azərbaycan deyil, dünyanın bir çox ölkələri əziyyət çəkirlər. Rusiyalı politoloq Oleq Kuznetsov tərəfindən təklif olunan petisiyada erməni terrorçuların Ermənistan məhkəmələri tərəfindən cəzalandırılması haqda məlumatların yalan olduğu, həmin cinayətkarların azadlıqda olması faktının yenidən araşdırılmasının vacibliyi də bildirilir". Bunu politoloq Arzu Nağıyev deyib.
O qeyd edib ki, Ermənistanın hələ yalnız Azərbaycanın nəqliyyat vasitələrində törətdiyi terror hadisələrinə nəzər salsaq, qəddar statistika ilə rastlaşarıq: "Azərbaycanın hava nəqliyyatında törədilmiş terror aktları nəticəsində 176 nəfər, Bakı metropolitenində törədilən terrorda 27 nəfər, sərnişin avtobuslarında törədilən terror hadisələrində 160 nəfər, sərnişin və yük qatarlarında törədilmiş terror aktları nəticəsində 47 nəfər, erməni terrorçuların partlatdığı "Krasnovodsk-Bakı" sərnişin bərəsində 25 nəfər həlak olub, 88 nəfər ağır yaralanıb. Ermənistanın törətdiyi terror aktları ilə bağlı həqiqətlərin dünyaya çatdırılması istiqamətində aparılan işlər öz nəticəsini verir. Artıq dünya ictimaiyyəti də erməni terrorunu dərk etməyə başlayır. İstər İranda, istərsə də Rusiyada bu istiqamətdə müsbət tendensiyalar hiss edilir. Düşünmürəm ki, həmin dövlətlərdə yüksək çinli məmurlar deyə bilmədiklərini, lakin demək arzusunda olduqlarını bu yolla çatdırmağa çalışırlar. Hamını yaradılan petisiyanı imzalmağa çağırıram".