Lavrovdan ermənipərəst açıqlama Siyasət

Lavrovdan ermənipərəst açıqlama

"Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsi şərti və işğal olunmuş ərazilərin sülh yolu ilə azad olunması tələbi hər zaman qüvvədə qalır"

"Biz istənilən jurnalist və şəxsin dünyanın istənilən yerində hər hansı yeri ziyarət etməsini kriminallaşdırılmasının və cinayət məsuliyyətinə cəlb edilməsinin əleyhinəyik".
Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada keçirdiyi mətbuat konfransında bloger Aleksandr Lapşinin Azərbaycanın sorğusu əsasında Belarusda saxlanması məsələsinə münasibət bildirərkən deyib.
O həmçinin həmin şəxsin üçüncü ölkəyə ekstradisiyasının əleyhinə olduğunu bildirib: "Biz bu məsələ ilə əlaqədar diplomatik fəaliyyət apardıq. Lapşin eyni zamanda İsrail vətəndaşıdır. İsrail diplomatları da onunla təmasdadırlar. Bütün tədbirləri görəcəyik ki, bu məsələ həll olunsun. Təbii ki, bu, Rusiya vətəndaşının bütün hüquqlarının qorunması şərti ilə ediləcək. Biz israillilərlə birlikdə sıx əlaqədə işləyirik".
"Azərbaycan ermənilərin işğal etdiyi ərazilərdə antiterror əməliyyatına, Qarabağ ərazisini işğalçı qüvvələrdən və digər kriminal elementlərdən təmizləməyə başlasa, Rusiyanın buna münasibəti necə olacaq, Azərbaycanın daxili işinə müdaxilə edəcəkmi" sualını cavablandıran Lavrov deyib ki, bu, artıq hansısa mücərrəd bir məsələ və Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar sırf Azərbaycanın daxili işlərinə aid bir mövzu deyil: "Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsi şərti və işğal olunmuş ərazilərin sülh yolu ilə azad olunması tələbi hər zaman qüvvədə qalır".
O bildirib ki, münaqişənin həlli ilə bağlı bir sıra sənədlər mövcuddur.
Nazir həmçinin ötən ilin aprelində təmas xəttində baş verən toqquşmalara da toxunub: "Ötən ilin aprelində baş vermiş qanlı hadisə dərin narahatlıq yaradır. Rusiya həmin vaxt qan tökülməsinin qarşısının alınmasında vacib rol oynayıb. Vyanada, daha sonra Sankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentləri insidentlərin araşdırması mexanizminin işə düşməsi və təmas xəttində ATƏT müşahidəçilərin artırılması barədə razılığa gəldi. 2011-ci ildə də insidentlərin araşdırılması məsələsi Həştərxan görüşündə müzakirə edilmişdi. Bu tədbirlər çox vacibdir. İnsidentlərin araşdırılması və ATƏT müşahidəçilərinin sayının artırılmasına dair razılıq ona görə reallaşa bilmir ki, bununla bağlı ATƏT-də konsensus yoxdur. Bunu təşkilatın üzlərindən də maraqlanmaq olar".
Politoloq Elxan Şahinoğlunun qənaətinə görə, Sergey Lavrov ölkəsini mövqeyini nəhayət ki açıqlayıb: "Lavrov demək istəyir ki, Dağlıq Qarabağın statusu bəlli olmalı və Azərbaycan müharibəyə başlamayacağı təminatı verməlidir ki, işğal altındakı torpaqlar boşaldılsın. Bu cür həll bizə lazım deyil, Lavrovun dedikləri Dağlıq Qarabağın "müstəqilliyinə" yol açır. Lavrov tam ermənilərin dediyini təkrarlayıb və İrəvanın çox çalışdığı "paket həll" variantını tələffüz edib".