Azərbaycan prezidenti Davosda bir sıra görüşlər keçirib Siyasət

Azərbaycan prezidenti Davosda bir sıra görüşlər keçirib

Azərbaycan prezidenti İlham Əliyev Davos Forumu çərçivəsində görüşlərini davam etdirir.
Dövlət başçısı yanvarın 17-də Davosda "Procter and Gamble Europe" şirkətinin prezidenti Geri Edrü Kumbe ilə görüşüb.
Görüşdə son vaxtlar Azərbaycanda gedən inkişaf proseslərinin ölkəmizə sərmayə cəlb olunmasına və turist axınına geniş imkanlar yaratdığı bildirilib.
"Procter and Gamble Europe" şirkətinin Azərbaycan ilə yaxşı əlaqələri olduğu vurğulanıb və bu şirkətin ölkəmizlə əməkdaşlığın genişləndirilməsi baxımından bir sıra layihələrinin nəzərdə tutulduğu qeyd edilib.

***

Azərbaycan prezidenti İlham Əliyev yanvarın 17-də Davosda Norveç Krallığının xarici işlər naziri Borge Brende ilə görüşüb.
Görüşdə Azərbaycanla Norveç arasında əlaqələrin yüksək səviyyədə olduğu qeyd edilib, Norveçin bir sıra şirkətləri, xüsusilə "Statoil" şirkəti ilə Azərbaycan arasında yaxşı əməkdaşlığın həyata keçirildiyi bildirilib.
Söhbət zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 17-də Davosda "Suez Group" şirkətinin baş icraçı direktoru Jan Lui Şasod ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Fransa arasında münasibətlərin yüksək səviyyədə olduğu qeyd edilib. Fransa şirkətlərinin Azərbaycanda böyük layihələr həyata keçirdiyi, "Suez Group" şirkətinin də bu layihələrdə yaxından iştirak etdiyi və bir çox layihələrin uğurla icra olunduğu vurğulanıb.
Söhbət zamanı "Suez Group" şirkəti ilə Azərbaycan arasında əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.