“İslamda irqi, dini ayrıseçkilik yoxdur” Siyasət

“İslamda irqi, dini ayrıseçkilik yoxdur”

Məlahət İbrajimqızı: "İnsana insani dəyərlərinə görə qiymət verilir"

"İslam dini multikultural dəyərlərlə zəngin olan bir dindir. İslamda irqi, dini ayrıseçkilik yoxdur, insana insani dəyərlərinə görə qiymət verilir. İslam dini tolerantlıq, həmrəylik, sevgi qardaşlıq, hər kəsə rifah arzulayan bir dindir. Bu baxımdan multikulturalizm ilindən sonra Azərbaycanda "İslam Həmrəyliyi ili"nin elan olunması çox düzgün addım idi və bu, Prezidentimizin apardığı siyasətin məntiqi davamıdır". Bunu millət vəkili Məlahət İbrahimqızı deyib. O bildirib ki, ölkəmizdə əhalinin böyük əksəriyyəti müsəlmandır və mədəniyyətimizin əsas dayağı, əxlaqi, mənəvi dəyərlər də islamdan qaynaqlanır: "Xalqımız yarandığı gündən öz milli-mənəvi, əxlaqi dəyərlərini formalaşdırıb. Lakin islam dininin qəbul olunması ilə Azərbaycanda milli-mənəvi dəyərlər daha da zənginləşib".
M.İbrahimqızı Azərbaycan İslam dünyasına verdiyi töhfələrdən də söz açıb: "Azərbaycan İslam Konfransı Təşkilatında fəal iştirak edir. İslam ölkələrinə öz maddi və mənəvi dəstəyini göstərir. İKT-də Azərbaycan aparıcı mövqeyə malikdir. Ölkəmiz İslam dünyasının inkişafına hər zaman öz dəstəyini verib, xüsusilə kasıb ölkələrə maddi köməyini göstərib. Bu dəstək və kömək təkcə dövlət olaraq deyil, ölkəmizin birinci xanımı Mehriban Əliyeva tərəfindən də həyata keçirilib. Mehriban Əliyeva imkanları məhdud olan müsəlman ölkələrinə böyük dəstək verib, Pakistanda, Afrikanın müsəlman ölkələrində Heydər Əliyev Fondu vasitəsilə böyük işlər görülüb, məscidlər təmir edilib, məktəblər tikilib. İslam dəyərlərinin, mədəniyyətinin qorunmasl ilə bağlı İSESCO-da birinci xanımın böyük fəaliyyəti var. Bunun nəticəsidir ki, Mehriban Əliyeva İSESCO-nun xoşməramlı səfiridr".
Millət vəkili bu il Azərbaycanda İslam Həmrəyliyi oyunlarının keçiriləcəyinə diqqət çəkib: "Bununla bağlı yüksək səviyyəli hazırlıqlar aparılır. Əminəm ki, burada islam ölkələrini təmsil edən yüksək səviyyəli qonaqlar da iştirak edəcək, çoxsaylı turistlər Bakıya üz tutacaq. Bu, dünyada islama qarşı aparılan ədalətsiz və ikili standartlara qarşı bir cavab olacaq. Çünki bu gün çox ürəkağrıdan məsələdir ki, islam pərdəsi altında müxtəlif pis niyyətləri işlər görülür, islam bəzən terrorizmlə yanaşı qoyulur. Biz buna etiraz edirik, çünki islam sevgi, məhəbbət, həmrəylik, sevgi dinidir. Ölkəmizdə "İslam Həmrəyliyi İli"nin elan edilməsi cənab Prezidentin bir daha islam dinini ləkələmək, ona kölgə salmaq istəyən qüvvələrə qarşı cavabıdır. Qoy gəlsinlər, görsünlər ki, Azərbaycanda hansı ekstremizmdən, Xurafatdan, cəhalətdən danışmaq olar. Ölkəmizdə bu ilin elan edilməsini alqışlayıram".