Rusiya Lapşinə göstərdiyi həssaslığı Dilqəmə də göstərməlidir Siyasət

Rusiya Lapşinə göstərdiyi həssaslığı Dilqəmə də göstərməlidir

"İstərdik ki, Rusiya Lapşinə münasibətdə göstərdiyi həssaslığı, hazırda erməni tərəfində qanunsuz olaraq girov saxlanılan öz vətəndaşına da göstərsin".
Bu fikri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Sputnik Azərbaycan-a müsahibəsində səsləndirib: "Azərbaycan hesab edir ki, erməni tərəfi öz torpaqlarını ziyarət edən Dilqəm Əsgərov və Şahbaz Quliyevi qanunsuz olaraq saxlayır. İndi isə Azərbaycan vətəndaşı Elnur Hüseynzadə onlara əsir düşüb".
Azərbaycan bu cür faktlarla necə mübarizə aparmaq niyyətindədir? Bakı hansı əks-addımlar atmağa hazırlaşır?" sualına nazir belə cavab verib: "Təmas xəttini keçərək Kəlbəcər rayonuna gedən və qəbiristanlığı ziyarət edən bu iki nəfərin (onlar 3 nəfər olublar, amma onlardan biri döyüş zamanı öldürülüb) saxlanılması və onların taleyi təxribat xarakterli məsələdir. Onları saxlamaq nəyə lazımdır? Onları girov götürmüsünüz və 2 ildir məhkum etmisiniz. Amma əgər siz öz simanızı qorumaq istəyirsinizsə, onları heç olmasa üçüncü ölkəyə göndərin. Bu, həm bizim, həm də sizin ölkədə ictimai vəziyyətə təsir edir".
"Və biz bu mesajları hər zaman vasitəçilərin köməyi ilə onlara çatdırırıq. Bu məsələ ictimai rəyi narahat edir. Onlardan birinin həyat yoldaşı Rusiya vətəndaşıdır. Onun özünün də Rusiya pasportu var. İstərdik ki, Rusiya tərəfi öz vətəndaşlarının maraqlarını eyni həssaslıqla müdafiə etsin, necə ki, indi bunu Lapşinə münasibətdə edir" - XİN başçısı qeyd edib.