ABŞ səfiri Cocuq Mərcanlıya getmədi... Siyasət

ABŞ səfiri Cocuq Mərcanlıya getmədi...

Əli Həsənov: "ABŞ səfiri ölkədədir, Qızıl Xaç Komitəsi isə belə izah edib ki, guya nizamnaməsinə görə onlar belə tədbirlərdə iştirak edə bilmirlər"

Dünən xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndələrinin və beynəlxalq təşkilatların rəhbərləri Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə səfəri ediblər.
Nümayəndə heyətini Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə dövlət komitəsinin sədri, baş nazirin müavini Əli Həsənov müşayiət edib.
Əli Həsənov 55 nəfərlik nümayəndə heyətinə kənd haqda məlumat verib.
Baş nazirin müavini deyib ki, Cocuq Mərcanlı 5 ay erməni işğalında qaldığı dövrdə xarabalığa çevrilib. Komitə sədri ermənilərin uzun illər Lələtəpə yüksəkliyindən kəndi atəş altında saxladığını bildirib.
Komitə sədri ölkə prezidentinin fərmanına əsasən, kənddə salınacaq yeni yaşayış massivi üçün nəzərdə tutulan 10 hektar ərazinin 60 faizində minadan təmizlənmə işləri aparıldığını diqqətə çatdırıb.
Əli Həsənov bu zaman su quyusundan 5 ədəd partlamamış minaatan mərmisi aşkarlandığını da diqqətə çatdırıb.
Əli Həsənov yaxın zamanlarda Cocuq Mərcanlı kəndində 150 evlik yeni qəsəbənin tikintisinə başlanılacağını bildirib.
Baş nazirin müavini deyib ki, qəsəbədə təhsil, səhiyyə, mədəniyyət ocaqları da inşa olunacaq.
Əli Həsənov "Azərbaycanda işğaldan azad olunan kəndlərə qayıdış başlayıb, ermənilər isə Qarabağdan kütləvi köç edirlər", deyə bildirib.
Baş nazirin müavini Cocuq Mərcanlıya getməyən diplomatları da tənqid edib
"Bütün səfirlər buradadır, yalnız 5-6 səfir gələ bilməyib. Onların bəziləri üzrlü səbəbdən burada deyillər. ABŞ səfiri, bir də Qızıl Xaç Komitəsinin Bakıdakı nümayəndəliyinin rəhbəri gəlməyib. Təəssüf edirəm ki, onlar burada deyillər".
"ABŞ səfiri ölkədədir, Qızıl Xaç Komitəsi isə belə izah edib ki, guya nizamnaməsinə görə onlar belə tədbirlərdə iştirak edə bilmirlər. Belə nizamnaməyə inanmıram. Halbuki onlar cəbhə bölgəsinə getmələri üçün dəfələrlə bizə müraciət edir. Biz bəzən icazə veririk, bəzən isə yox. Amma onlar həmişə cəbhə xəttində olmaq istəyirlər. Cənab prezidentin məqsədi bu idi ki, xarici ölkələrin səfirləri, beynəlxalq təşkilatlar - Avropa Şurası, Avropa İttifaqı və ATƏT nümayəndələri ermənilərin 4 ay işğalda olan bir yaşayış məntəqəsini nə hala saldıqlarını öz gözləri ilə görsünlər. Bunu ATƏT-in faktaraşdırıcı missiyası da təsdiqləyib. Amma bir var kağız üzərində olsun, bir də var gözləri ilə görsünlər", - deyə o vurğulayıb.