“Macarıstanın Cənubi Qafqazla apardığı ticarət həcminin 50 faizi Azərbaycanın payına düşür” Siyasət

“Macarıstanın Cənubi Qafqazla apardığı ticarət həcminin 50 faizi Azərbaycanın payına düşür”

İmre Laslotski: "Biz Azərbaycanın təhsil və media institutlarının NATO-nun Brüsseldəki baş qərargahına səfərlərini təşkil etmək niyyətindəyik"

Macarıstanın Azərbaycandakı səfiri, bu ildən NATO-nun Azərbaycandakı rezident-əlaqələndiricisi İmre Laslotskinin APA-ya müsahibəsini ixtisarla təqdim edirik.

- Bu il Macarıstan və Azərbaycan diplomatik münasibətlərin qurulmasının 25 illiyini qeyd edirlər. Bu iki ölkə həm də strateji tərəfdaşdırlar. Münasibətlərin səviyyəsini necə qiymətləndirirsiniz?
- 2014-cü ildə Azərbaycan prezidenti İlham Əliyevin Budapeştə səfəri zamanı Strateji Tərəfdaşlığa dair Birgə Bəyannamə imzalanıb. Bu tərəfdaşlıq bütün sahələrdə - siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə əməkdaşlığın inkişafını özündə əks etdirir. Ölkələrimiz arasında siyasi dialoq çox yüksək səviyyədədir və siyasi əlaqələrimiz mükəmməldir. Münasibətlərimizdə açıq qalan məsələlər və gərginlik mövcud deyil. Ölkələrimiz arasında ortaq tarixi köklər və xalqlarımız arasında qarşılıqlı rəğbət əməkdaşlıq üçün mükəmməl baza yaradır. Mən növbəti iclasının bu ilin yazında Macarıstanda keçirilməsi nəzərdə tutulan hökumətlərarası komissiyanın uğurlu işini qeyd etmək istərdim. Biz eyni zamanda Azərbaycan prezidentinin Macarıstana səfəri üzərində işləyirik. Əvvəllər prezidentlərimiz iki ildən bir görüşürdülər. Lakin 2016-cı ildə onlar hər il görüşəcəklər. Bu isə əməkdaşlığı daha intensiv və aktiv edir. Heydər Əliyev Fondu və Macarıstanın Azərbaycandakı səfirliyinin əməkdaşlığı ilə martın 16-17-də səfirlik "Macarıstanda Azərbaycan Günləri" adı altında bir sıra mədəni və elmi tədbirlər təşkil edəcək. Bu tədbir çərçivəsində Bakıda kitab və film təqdimatı olacaq, dəb nümayişi, incəsənət sərgisi, konsert və qastronomik tədbirlər təşkil ediləcək. Biz həmçinin 2017-ci ilin payızında böyük macar yazıçısı və bəstəkarı Zoltan Kodali və "Böyük macarıstanlı" İstvan Szeçenyinin yubileyinə həs olunmuş bir sıra mədəni və elmi tədbirlər keçirməyi planlaşdırırıq.
- İki ölkə arasında iqtisadi münasibətləri necə qiymətləndirirsiniz? Azərbaycan və Macarıstan arasında ticarət dövriyyəsi ötən il nə qədər olub?
- İqtisadi münasibətlərə dair onu deyə bilərəm ki, Macarıstanın Cənubi Qafqazla apardığı ticarət həcminin 50 faizi Azərbaycanın payına düşür. Ticarətin müntəzəm artımı 2013-cü ildən müşahidə edilir. 2015-ci ildə ticarət dövriyyəsi 50 min dollar olub. Ötən ilin ilk 11 ayında bu, 50 milyon təşkil edib. Macarıstandan Azərbaycana əsasən əczaçılıq vasitələri, aqrar məhsullar və texnologiyalar, elektrik avadanlıqlar və aparatları, avtomobillər, qida məhsulları, içkilər və iri buynuzlu heyvanlar ixrac edilir. Ticarət dövriyyəsində artımla yanaşı, ilkin məqsəd ikitərəfli investisiyanın təşviq edilməsidir və azərbaycanlı tərəfdaşlarımızla qabaqcıl texnologiyalara əsasən birlikdə layihə əsaslı uzunmüddətli əməkdaşlığı inkişaf etdirmişik. Macarıstan şirkətləri Azərbaycanla kənd təsərrüfatı, İKT sektoru, şəhər planlaması, enerji səmərəliliyi, yol və infrastruktur tikintisi, su təchizatı və idarəçiliyi, ətraf mühit sahəsi və səhiyyə sahəsində əməkdaşlıq etməyə hazırdır. Macarıstanın iqtisadi inkişafı Azərbaycanla strateji əməkdaşlıq üçün böyük imkanlar verir. Macarıstan azərbaycanlı investorlar üçün yaxşı platformadır.
- Bu ildən başlayaraq Macarıstan Azərbaycanda NATO-nun rezident-əlaqələndiricisi vəzifəsini icra edir. Bu mandat çərçivəsində planlarınız nədir? Ümumiyyətlə, NATO ilə Azərbaycan arasında əlaqələri necə qiymətləndirirsiniz?
- Macarıstan və Macarıstanın Azərbaycandakı səfirliyi Azərbaycanın NATO üçün etibarlı tərəfdaşı imicini təşviq edəcək. Bu, həqiqətən də belədir. Biz Azərbaycanla NATO arasında əlaqəni dəstəkləyəcəyik, yüksək səviyyəli fikir mübadilələrinə təkan verəcəyik, görüşlər və seminarlar təşkil edəcəyik, NATO-dan Azərbaycana olacaq səfərləri dəstəkləyəcəyik. Bununla yanaşı, biz Azərbaycanın təhsil və media institutlarının NATO-nun Brüsseldəki baş qərargahına səfərlərini təşkil etmək niyyətindəyik. Biz NATO sammitindən və digər yüksək səviyyəli görüşlərdən sonra NATO-nun strategiyası barədə məlumat verəcəyik və mən bizim Azərbaycanda nə işlər gördüyümüz və NATO qlobal təhlükəsizlik mühiti naminə buradan kənarda nələr etməsinin daha yaxşı anlaşılması üçün müsahibələr verməyə hazıram. NATO-nun rezident əlaqələndiricisi kimi biz 2017-ci ilin ikinci yarısında regional təhlükəsizliyə dair bir sıra konfranslar keçirməyi planlaşdırırıq.
- Əlaqələrin əsas sahəsi enerji sektorudur. Macarıstanın Cənub Qaz Dəhlizi layihəsindən gözləntiləri nədir? Ölkənizi Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının iclasında kim təmsil edəcək?
- Macarıstanın enerji təhlükəsizliyi çox həssasdır. Bu baxımdan biz enerji axınının diversifikasiyası, xüsusilə qaz ixracı imkanlarının axtarışındayıq. Cənub Qaz Dəhlizi layihəsi bizim üçün mənbəni və istiqamətləri diversifikasiya etmək imkanı verir və biz bu layihəni prioritet hesab edirik. Azərbaycan bu böyük layihənin təşəbbüskarıdır və onu "Şahdəniz II" vasitəsilə qazla təmin edəcək. Tək Macarıstan deyil, həmçinin enerji mənbələri və xətlərinin diversifikasiyasında maraqlı olan bütün Avropa ölkələri bunu qiymətləndirir. Hazırda bir sıra imkanlar nəzərdən keçirilir, lakin fikrimizcə, Macarıstanı CQD ilə birləşdirəcək ən yaxşı xətt Yunanıstan-Bolqarıstan birləşdirici boru xəttidir. Bu xəttin davamı olaraq müvafiq birləşdirici xətlərlə Bolqarıstan-Rumıniya-Macarıstan-Avstriya qaz dəhlizinin yaradılması Avropa Komissiyası tərəfindən dəstəklənir və bu layihə hazırda nəzərdən keçirilir. Biz inanırıq ki, sürətlə inkişaf edən sıxılmış təbi qaz (LNG) bazarı qlobal təbi qaz satışına ən yaxşı alternativdir. Qeyd etmək istəyərdim ki, layihənin iştirakçısı kimi Macarıstan əsasən Azərbaycan təbii qazının daşınmasını nəzərdə tutan AGRİ (Azərbaycan-Gürcüstan-Rumıniya) layihəsinin həyata keçirilməsi işinə sadiqdir.
- Azərbaycanın reallaşdırmaq istədiyi layihələrdən biri də Bakı-Tbilisi-Qars dəmir yolu xəttidir. Bu layihə Avropa ilə Çin arasında əlaqə yaratmağı nəzərdə tutur. Macarıstan bu layihədən yararlana bilərmi?
- Macarıstan Xarici İşlər və Ticarət Nazirliyi tərəfindən irəli sürülmüş Şərqə Açılma Siyasəti çərçivəsində biz "Şərq tərəfdaşlığı", Mərkəzi və Şərqi Asiya ölkələri ilə siyasi əlaqələri və ticarət dövriyyəsini artırmaq istəyirik. Biz hesab edirik ki, Şərqlə Qərbi birləşdirəcək istənilən infrastruktur layihəsi çox vacibdir. Bu baxımdan bu il istifadəyə veriləcək Bakı-Tbilisi-Qars layihəsinə böyük önəm veririk. Macarıstan 2014-cü ildə BTQ layihəsinin təqdim edildiyi konfransda iştirak edib. Macarıstan tərəfi BTQ layihəsində iştirakda və ona qoşulmaqda maraqlıdır. Çünki bu dəmir yolu xətti Asiyaya olan nəqliyyat məsafəsini və zamanı qısaldacaq.



- Bildiyiniz kimi, Azərbaycan öz iqtisadiyyatını diversifikasiya etmək siyasəti yürüdür. Macarıstan Azərbaycanın bu niyyətinə hansı şəkildə töhfə verə bilər?
- Macarıstanın baş naziri Viktor Orbanın ötən ilin martında Azərbaycana səfəri zamanı iqtisadi əməkdaşlığın əsas istiqamətləri və əsas perspektivli sahələr müəyyənləşdirilib. Bu istiqamətlərə infrastrukturun, kənd təsərrüfatının, enerji sahəsinin inkişafı, su sənayesi sahəsində əməkdaşlıq və informasiya texnologiyaları sahəsi daxildir. Səfər zamanı bir sıra razılaşmalar, o cümlədən müxtəlif obyektlərin mühafizəsi texnologiyası üzrə razılaşma, elektron parketmə və digər ödəniş sistemlərinin yaradılması barədə razılaşma, həmçinin kənd təsərrüfatı və qida sənayesi sahəsində razılaşmalar imzalanıb. Baş nazirin Azərbaycana səfəri zamanı tərəflər qərara gəliblər ki, mükəmməl siyasi əlaqələrin və daha əvvəllər əldə edilmiş nailiyyətlərin fonunda iqtisadi əlaqələri keyfiyyətcə yeni səviyyəyə qaldırmaq və qlobal iqtisadiyyatın yeni tələblərini nəzərə almaqla, Macarıstan-Azərbaycan iqtisadi əməkdaşlığının strukturunu dəyişmək vacibdir.
Macarıstan Azərbaycana nəqliyyat sahəsində gediş haqlarının elektron yığılması, kənd təsərrüfatı istehsalı, şəhər planlaması, enerji təchizatı, su sənayesi sahələrində elektron sistemin tətbiqi ilə bağlı yeni texnologiya təklif edir. Macarıstan həmçinin kənd təsərrüfatı məhsullarının emalı və qida sənayesi sahəsində də yeni texnologiyalar təklif edir. Bu sahələrdə Macarıstan yüksək səviyyədə texnologiyaya malikdir. Hər iki ölkə yüksək texnologiyalar daxil olmaqla, bir sıra sahələrdə birgə müəssisələrin yaradılmasında maraqlıdır. Macarıstan şirkətləri artıq Azərbaycanla bir sıra layihələrin icrasına başlayıb. Son təkliflərdən biri Azərbaycanın cənub regionlarından birində Azərbaycan sənaye parkları və qruplarının təqdim etdiyi investisiya güzəştləri vasitəsilə dərman bitkilərinin emalı və ədviyyatların istehsalı sahəsində zavodun tikilməsidir. Macarıstan həmçinin Azərbaycanda əczaçılıq zavodun tikintisi planını da nəzərdən keçirir. Macarıstan strateji razılaşmanın tez əldə olunması daxil olmaqla, bütün yollarla Azərbaycan və Aİ arasında əlaqələrin inkişafını dəstəkləyir. Macarıstan Azərbaycan biznesinin Avropa İttifaqı bazarına daxil olması üçün kömək edə bilər.
- Turizm sahəsində əlaqələrin inkişafı üçün hansısa layihələr varmı?
- 2014-cü ilin noyabrında Macarıstan Milli İqtisadiyyat Nazirliyi ilə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq razılaşması imzalanıb. Macarıstanın "Wizz Air" şirkəti 2016-cı ilin martından Bakı-Budapeşt birbaşa hava xəttini istifadəyə verib. Macarıstan turizm şirkətləri bundan sonra Azərbaycan bazarına maraq göstərməyə başlayıblar. Ötən ilin aprelində Bakıda Vışeqrad qrupu ölkələrinin birgə turizm təqdimatı baş tutdu. Bu isə Azərbaycan turizm şirkətlərinin marağını artırdı, həmçinin Macarıstan turizm şirkətlərinin Azərbaycan bazarına marağına səbəb oldu. Bu yaxınlara kimi Azərbaycan turizm şirkətləri Macarıstan dedikdə Budapeşt və ya Balaton gölünü nəzərdə tuturdular, lakin artıq birgə səfərlərə (Budapeşt-Vyana), o cümlədən Macarıstanda sağlamlıq və spa səfərlərinə maraq artıb.
- Siz ölkənizin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini dəfələrlə qeyd etmisiniz. Sizcə, münaqişənin tez bir zamanda həlli üçün nəyə ehtiyac var?
- Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Macarıstan aydın mövqeyə sahibdir. Bu mövqe Aİ-nin mövqeyi ilə üst-üstə düşür. Biz münaqişənin beynəlxalq hüquq və standartlara əsaslanaraq sülh yolu ilə həllini, həmçinin ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəkləyirik.

- Bu il qarşılıqlı olaraq hər hansı rəsmi səfərlərin gerçəkləşməsi gözlənilirmi?
- Bayaq qeyd etdiyim kimi, biz Azərbaycan prezidenti İlham Əliyevin Macarıstana səfərini və növbəti hökumətlərarası komissiyanın iclasını gözləyirik. Bununla yanaşı, "Bakıda Macarıstan günləri" çərçivəsində keçiriləcək tədbirlərdə bir sıra rəsmi şəxslərin iştirakı gözlənilir.