XIN rəhbərlərinin görüşündən gözləntilər... Siyasət

XIN rəhbərlərinin görüşündən gözləntilər...

Fikrət Sadıqov: "Ortaya yeni təkliflər qoyulsa, o zaman görüşün müsbət nəticələri ola bilər"

Cümşüd Nuriyev: "Ermənistan əsas istəyi apreldə keçiriləcək parlament seçkilərinə qədər vaxt qazanmaqdır"

"Azərbaycan və Ermənistan XİN başçılarının Moskvadakı görüşünü Dağlıq Qarabağ münaqişəsinin həllində müsbət tendensiya hesab etmək olar. Çünki erməni tərəfi artıq bir müddət idi ki, müxtəlif bəhanələr gətirərək görüşlərdən yayınır, danışıqlara gəlmək istəmirdi". Bunu politoloq Fikrət Sadıqov deyib. Onun sözlərinə görə, artıq Ermənistan görüşdən qaçmağın mümkünsüz olduğunu anlayır: "Moskvada Qarabağ danışıqlarından böyük nəticə gözləmək düzgün olmaz. Çünki böyük nəticələr əsasən prezidentlər səviyyəsində keçirilən görüşlərdə baş verə bilər. Lakin ortaya yeni təkliflər qoyulsa, o zaman görüşün müsbət nəticələri ola bilər. Ümumilikdə Moskvada belə bir görüşün baş tutması, ölkəmizin diplomatik sahədə atdığı addımların müsbət nəticəsidir". F. Sadıqov ATƏT-in Minsk qrupunun həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistana təzyiq etmədiklərindən təəssüfləndiyini qeyd edərək bildirib ki, məhz bunun nəticəsidir ki, düşmən ölkə bir neçə gün bundan öncə qondarma qurum olan "DQR" da "referendum" adı ilə tamaşa qurdular.
Politoloq Cümşüd Nuriyev isə deyib ki, Ermənistanın XİN başçısı Edvard Nalbadyanın Moskvaya səfər etməsində məqsəd Dağlıq Qarabağ münaqişəsinin həll etmək deyil, əksinə məsələnin həllini uzatmaqdır: "Ermənilər artıq çox yaxşı başa düşür ki, onlar Azərbaycanın ordusunun qarşısında dura bilməyəcək, ordumuz tezliklə təkcə ətraf kəndləri deyil, Dağlıq Qarabağı da azad etmək gücündədir. Nalbadyan da Moskvaya səfər edərək Lavrovla Azərbaycanın xarici siyasətini qabaqlamaq üçün yeni taktika hazırlamaq istəyir. Onlar Azərbaycanı sakitləşdirməyə, ölkəmizin mövqeyini bir az da yumşaltmağa çalışacaqlar". C.Nuriyevin sözlərinə görə, Ermənistan əsas istəyi apreldə keçiriləcək parlament seçkilərinə qədər vaxt qazanmaqdır: "Çünki Sarkisyan yenidən hakimiyyətə gəlmək istəyir. Bilirsiniz ki, son zamanlar Ermənistanın daxilində qarşıdurma yüksək səviyyəyə çatıb. Qarabağ erməniləri ilə Ermənistan erməniləri bir-birilərini qəbul etmək istəmir. Lakin bu onların istəyidir. Məsələ ilə bağlı Azərbaycanın öz mövqeyi var. Moskvada Azərbaycan və Ermənistan XİN başçıları arasındakı görüşdə Elmar Məmmədyarov da ölkəmizin mövqeyini bir daha ortaya qoyacaq. Azərbaycan Dağlıq Qarabağa status verə bilər. Həm Madrid, həm Kazan həm də digər prinsiplərdə ölkəmizin ərazi bütövlüyü öz əksini tapıb. Görüşün nəticələri haqqında əvvəlcədən konkret söz demək çətin olsa da, arzu edirik ki, budəfəki görüşdə müsbət tendensiyalar əldə olunsun".