Azərbaycan-Qətər sənədləri imzalanıb Siyasət

Azərbaycan-Qətər sənədləri imzalanıb

Dünən Qətərdə rəsmi səfərdə olan Azərbaycan prezidenti İlham Əliyevin Əmir sarayında rəsmi qarşılanma mərasimi olub.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Azərbaycan prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani Azərbaycan prezidenti İlham Əliyevi qarşılayıb.
Azərbaycan və Qətərin dövlət himnləri səslənib.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan prezidentinə raport verib.
Prezident İlham Əliyev və əmir Şeyx Təmim bin Həməd Al Tani fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Azərbaycanın dövlət və hökumət nümayəndələri əmir Şeyx Təmim bin Həməd Al Taniyə, Qətər dövlətinin nümayəndə heyətinin üzvləri isə prezident İlham Əliyevə təqdim olunub.
Rəsmi qarşılanmadan sonra Azərbaycan prezidenti İlham Əliyev və Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani arasında öncə təkbətək görüş, sonra isə geniş tərkibdə görüş olub.
Geniş tərkibli görüşdən sonra Azərbaycan prezidenti İlham Əliyevin və Qətər əmiri Şeyx Təmim bin Həməd Al Taninin iştirakı ilə Azərbaycan-Qətər sənədlərinin imzalanması mərasimi olub.
"Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında" Anlaşma Memorandumunu Qətərin mədəniyyət və idman naziri Salah bin Qanem bin Nasser Al Ali və Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov imzalayıblar.
"Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında gənclər və idman sahələrində əməkdaşlıq haqqında" Anlaşma Memorandumunu Qətərin mədəniyyət və idman naziri Salah bin Qanem bin Nasser Al Ali və Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov imzalayıblar.
"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC və Qətər Limanları İdarəetmə Şirkəti "MWANİ Qatar" arasında" Anlaşma Memorandumunu Qətərin nəqliyyat və rabitə naziri Cassem bin Saif Al Sulaiti və Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev imzalayıblar.
"Azərbaycan Respublikası Mülki Aviasiya Administrasiyası və Qətər Dövləti Mülki Aviasiya Administrasiyası arasında" Anlaşma Memorandumunu Qətərin nəqliyyat və rabitə naziri Cassem bin Saif Al Sulaiti və Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev imzalayıblar.
"Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında hava daşımalarına dair" Sazişə əlavə Protokolu Qətərin nəqliyyat və rabitə naziri Cassem bin Saif Al Sulaiti və Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov imzalayıblar.
"Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında kökü kəsilmək təhlükəsi qarşısında olan vəhşi təbiətin qorunması və onun təbii mühitinin mühafizəsi sahəsində əməkdaşlığa dair" Anlaşma Memorandumunu Qətərin bələdiyyə və ekologiya naziri Mohamed bin Abdullah Al Rumaihi və Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov imzalayıblar.