“Müharibə qaçılmaz olacaq” Siyasət

“Müharibə qaçılmaz olacaq”

Azər Badamov: "Ermənistan sülh yolu ilə torpaqlarımızı işğaldan azad etmək istəmir"

"Ermənistan sülh yolu ilə torpaqlarımızı işğaldan azad etmək istəmir. Ona görə də danışıqlardan yayınırlar, razılaşmalarını icra etməyərək təxribatlar yolu ilə status-kvonu saxlamaq istəyirlər. Yəni, işğalçılıq prosesinin müddətini uzatmaq istəyirlər. Bir neçə müddət əvvəl Dağlıq Qarabağda "referendum" keçirilmişdi və istəyirdilər ki, beynəlxalq ictimaiyyət bunu dəyərləndirsin, dəstəkləsin. Amma əksinə heç bir ölkə və beynəlxalq təşkilat Qarabağda keçirilən referendumu tanımadı və Azərbaycan dövlətinin icazəsi olmadan işğal olunmuş torpaqımızda seçkinin keçirilməsini beynəlxalq hüquq normalarına zidd olduğunu ifadə etdilər. Bunu da həzm edə bilməyən Ermənistan təxribatlara əl atır". Bunu millət vəkili Azər Badamov deyib. Onun sözlərinə görə, Ermənistanda parlament seçkisi ilə əlaqdar böyük ictimai narazılıqlar yaranıb: "Artıq ermənilər də Sarkisyan hökumətini istəmir. Əksər siyasi partiyalar istəyirlər ki, Azərbaycanla sülh danışıqlarına razı olsunlar və yenidən mehriban qonşuluq münasibətlərinə keçsinlər. Onsuzda iqtisadi səfalətin içində olduqlarından hərbi xərclərini artırmaq və Qarabağda ölməklərini istəmirlər. Xalqın da bu fikirlərini dəstəklədiyini görən cəllad hakimiyyətinin rəhbərləri təmmas xəttində təxribatlar törətməklə ictimaiyyətin fikrini siyasi mübarizədən yayındırmaq istəyirlər".
A.Badamov əlavə edib ki, Azərbaycanın dünyada artan nüfuzu və dünyanın aparıcı ölkələrinin ölkəmizi inkişaf edən sabitlik adası kimi qəbul etməsi də erməniləri çox narahat edir və mütəmadi təxribatlara əl atırlar: "Azərbaycanın böyük beynəlxalq layihələrə imza atması, ölkəmizin tranzit imkanlarının genişlənməsi və regionda lider ölkəyə çevrilməsini ermənilərin havadarlarını narahat edir və onların sifarişləri ilə məhz Qarabağda təxribatları davam etdirirlər. Amma qeyd etmək istəyirəm ki, ermənilərin törətdiyi hər bir təxribata Azərbaycan əsgəri on qat cavabını verir, böyük itkilərlə geri oturduruq. Keçən ilin aprelində baş verən təxribatına cavab olaraq ordumuz 100-dən çox ermənini məhv edərək torpaqlarımızın müəyyən hissəsini işğaldan azad etdi. Ondan sonra da törədilən hər bir təxribatda çoxlu sayda erməni məhv edilib. Düşünürəm ki, ermənilər yenə belə yaramaz əməllərini davam etdirsə, müharibə qaçılmaz olacaq və güclü ordumuz təxribatçı erməni vandalistləri məhv edərək işğala son qoyduracaq".