“Qondarma referendumun nəticələrini tanımırıq“ Siyasət

“Qondarma referendumun nəticələrini tanımırıq“

"Latviya Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq prinsipləri əsasında ancaq sülh yolu ilə həll olunmasının tərəfdarıdır".
Bu barədə APA-ya müsahibəsində Latviya prezidenti Raymonds Veyonis deyib.
Raymonds Veyonis ölkəsinin Dağlıq Qarabağda keçirimiş qondarma referendumun nəticələrini tanımadığını bildirib: "Fevralın 20-də Dağlıq Qarabağda qondarma Konsitutusiya referendumunun keçirilməsi barədə Latviyanın xəbəri var. Latviya onun nəticələrini tanımır və bildirir ki, bu nəticələr Dağlıq Qarabağın yekun statusuna və sülh yolu ilə uzunmüddətli həllə istiqamətlənmiş sülh danışıqlarına təsir edə bilməz".
Raymonds Veyonis müsahibəsində Azərbaycanın enerji və tranzit sektorlarında Avropa İttifaqının mühüm tərəfdaşı olduğunu qeyd edib.
"Biz Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsində Azərbaycanın rolunu yüksək qiymətləndiririk. Bu, bizə imkan verəcək ki, enerji təchizatı mənbələri və marşrutlarını şaxələndirək, enerji təhlükəsizliyimizi təkmilləşdirək. Bunlar Avropa İttifaqının mühüm məqsədləridir", - deyə o, söyləyib.

Latviya prezidentinin sözlərinə görə, ölkəsi Azərbaycanla Aİ arasında əməkdaşlığın dərinləşməsini və güclənməsini tam dəstəkləyir. O, xüsusilə ticarət, turizm, sərmayə və nəqliyyat sahələrini vurğulayıb: "Latviya Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzərində danışıqlara başlanmasını alqışlayır. Biz ümid edirik ki, "Şərq Tərəfdaşlığı" ölkələrinin növbəti sammitinə qədər danışıqlarda mühüm irəliləyişə nail olunacaq".