“Azərbaycan öz hava məkanında qanunsuz uçan istənilən obyekti vurmalıdır” Siyasət

“Azərbaycan öz hava məkanında qanunsuz uçan istənilən obyekti vurmalıdır”

Üzeyir Cəfərov:" Beynəlxalq hüquq da buna imkan verir"

"Əgər ermənilər Xocalı aeroportundan istifadəyə başlayarsa, Azərbaycan buna sərt və qətiyyətli reaksiya verərək öz hava məkanında qanunsuz uçan istənilən obyekti vurmalıdır". Bunu hərbi ekspert Üzeyir Cəfərov ermənilərin Xocalı aeroportundan istifadə edərək Şuşaya uçuşlar həyata keçirmək niyyəti ilə bağlı mövqeyini açıqlayarkən deyib.
Onun sözlərinə görə, iyun ayında ATƏT-in Minsk Qrupu həmsdrlərinin regiona növbəti səfəri planlaşdırılır və ermənilər də həmsədrlərin səfəri yaxınlaşdıqca cəbhə bölgəsində qəsdən vəziyyəti gərginləşdirib müxtəlif xarakterli təxribatlara əl atırlar. "Xocalı aeroportu ətrafındakı məsələ də buna xidmət edir. Baxmayaraq ki, Beynəlxalq Mülki Aviasiya Təşkilatı da zamanında Ermənistana xəbərdarlıq edərək, belə təxribatlardan çəkinməyə və beynəlxalq hava uçuş qaydalarına ciddi riayət etməyə çağırıb"- deyə, ekspert vurğulayıb.
Ekspert əlavə edib ki, artıq rəsmi Bakı Xocalı aeroportu ilə bağlı ermənilərin bu hərəkətini təxribat xarakterli və danışıqlar prosesini pozmağa yönələn addım kimi dəyərləndirib: "O zaman Müdafiə Nazirliyi bundan sonra sözdən konkret əməli fəaliyyətə keçməlidir. Azərbaycan hava məkanını qanunsuz uçan istənilən obyekti, xüsusən də işğalçılara məxsus mülki və ya hərbi olmasından asılı olmayaraq uçan obyekti mütləq vurulmalıdır. Buna göz yummaq olmaz. Əks təqdirdə bunun davamı olacaq və İrəvan bu yoldan öz hərbi məqsədləri üçün istifadə edəcək. Bu da ö növbəsində, işğal olunmuş ərazilərdə heç də xoşagəlməyən proseslərin başlanmasına yol açacaq. Bu, Azərbaycanın hüququdur. Beynəlxalq hüquq da buna imkan verir. Çünki Beynəlxalq Mülki Aviasiya Təşkilatının bununla bağlı mövqeyi var".
Üzeyir Cəfərov onu da əlavə edib ki, əslində İrəvan bununla Bakının reaksiyasını öyrənməyə çalışır və biz də öz növbəmizdə, ermənilərin bu hərəkətlərinə layiqincə cavab verməliyik.
Hərbi ekspert həmçinin ermənilərin Şuşada aeroport açmasıyla bağlı yayılan informasiyalarada münasibət bildirib. O deyib ki, orada hansısa aeroportun açılmasından söhbət belə gedə bilməz. Ehtiyatda olan zabit hesab edir ki, fotolarda nümayiş olunan ikiyerlik təyyarələr adi asfalt yoldan da havaya qalxa bilir: "Şuşada olan insanlar bilirlər ki, orada aeroport açmağa yer yoxdur. İkincisi də ki, nümayiş etdirdikləri həmin 2 yerlik təyyarəfason qurğu adi asfalt yoldan da qalxa bilir. Bizdə Milli Aviasiya Akademiyasının kursantları bu tip təyyarələrdə məşq keçirlər. Uçuşlar həyata keçirib təcrübə yığırlar. O təyyarə də balaca məsafələrdə uçmaq üçündür. Yəni Şuşadan kənara çıxa bilməz. Çünki çıxacağı təqdirdə Azərbaycan Hərbi hava Qüvvələri onu radarlar vasitəsilə tutacaqlar. Bir erməni deyir ki, biz turist səyahətləri təşkil etmişik, onları 70 dollar civarında Xocalıdan Şuşaya, Şuşadan Xocalıya aparacağıq. Bunlar hamısı boş reklamdır. Erməni tərəfi özünü reklam eləməyə açlışır".
Ü.Cəfərov qeyd edib ki, erməni təyyarələri müəyyən hündürlüyə qalxmağa cəhd etsələr, Azərbaycan Hərbi Hava Qüvvələri onları məhv edəcək: "Aeroport bilirsinizmi nə deməkdir? Aeroportun bütün avadanlıqları, ora təyyarələrin qəbulu, yola salınması, tamam başqa şeydir, adicə "kukuruznik" deyilən sahələri dərmanlamaq üçün istifadə olunan balaca təkmotorlu təyyarələrin uçuşunu təşkil etmək isə ayrı. Bunu ancaq ermənilər özləri daxildə, balaca bir məsafə uçun istifadə edə bilərlər. Əgər istifadə edirlərsə də, bunun Azərbaycan üçün heç bir narahatlığı yoxdur. Sözsüz ki, əgər onlar müəyyən məsafələrə qalxsalar, Azərbaycan Hərbi Hava Qüvvələri onları məhv edəcək".