Prezident MDB ölkələrinin statistika xidmətləri rəhbərlərini qəbul edib Siyasət

Prezident MDB ölkələrinin statistika xidmətləri rəhbərlərini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev Bakıda keçirilən yüksək səviyyəli rəsmi statistiklər üçün Dayanıqlı İnkişaf Məqsədləri üzrə məlumat və statistikaya dair subregional seminarın və Azərbaycanın sədrliyi ilə Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Statistika Xidmətləri Rəhbərləri Şurasının 57-ci iclasında iştirak edən yüksək səviyyəli rəsmi qonaqları qəbul edib.
Prezident İlham Əliyev həm Asiya-Sakit okean regionunu, həm də MDB məkanını əhatə edən bu cür böyük beynəlxalq tədbirin ölkəmizdə keçirilməsindən məmnunluğunu ifadə edib.
Statistika xidmətlərinin çox mühüm məsələlərlə məşğul olduğunu deyən dövlət başçısı qeyd edib ki, düzgün statistik məlumatlar, vəziyyətin dolğun analizi olmadan müxtəlif sahələrdə, o cümlədən sosial-iqtisadi, demoqrafik və istənilən digər sahədə inkişafın və perspektivlərin dəqiq planlaşdırılmasına nail olmaq mümkün deyil. Prezident İlham Əliyev vurğulayıb ki, ölkəmizdə statistik xidmətin inkişafına və bu xidmətin dünyanın ən inkişaf etmiş ölkələrinin xidmətləri səviyyəsinə qaldırılmasına böyük diqqət yetirilir: "Eyni zamanda, siyasi və sosial-iqtisadi keçid dövrünü yaşayan ölkələrin də təcrübəsi bizim üçün maraqlıdır".
Tədbirin işinə uğurlar arzulayan dövlət başçısı iclas zamanı aparılan müzakirələr və fikir mübadilələrinin səmərəli olacağına, əməkdaşlığın möhkəmləndirilməsi işinə xidmət edəcəyinə əminliyini ifadə edib.
BMT-nin Asiya və Sakit okean ölkələri üzrə Statistika İnstitutunun direktoru Aşiş Kumar iclasın Bakıda yüksək səviyyədə təşkilinə, həmçinin Azərbaycanda statistika işinə verdiyi daimi dəstəyə görə prezident İlham Əliyevə minnətdarlığını bildirib. İclas çərçivəsində ilkin olaraq Dayanıqlı İnkişaf Məqsədləri və göstəricilərin müzakirəyə çıxarıldığını deyən A. Kumar ölkələrin əldə etdiyi uğurlar ətrafında da fikir mübadiləsi aparıldığını qeyd edib. BMT-nin Asiya və Sakit okean ölkələri üzrə Statistika İnstitutunun geniş məkanı əhatə etdiyini və buraya daxil olan ölkələrin zəngin beynəlxalq təcrübəyə malik olduğunu vurğulayan A. Kumar rəhbərlik etdiyi təşkilatın ölkələrə bu sahədə lazımi kömək göstərməyə hər zaman hazır olduğunu bildirib.