“Prezident Makron Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlıdır“ Siyasət

“Prezident Makron Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlıdır“

Fransa səfiri: "Əsas prioritet problemin sülh yolu ilə həllini tapmaqdır"

"Fransız-Azərbaycan Universitetində növbəti tədris ilinə hazırlıq yüksək sürətlə aparılır".
Bunu Fransız Azərbaycan Universitetinə növbəti tədris ili üçün qəbula dair mətbuat konfransında Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı deyib. O bildirib ki, ötən il universitetə qəbul zamanı 141 tələbə təhsil almaq şansı qazanıb: "Onlardan 120-si dövlət, 21-i isə ödənişli əsaslarla təhsil alır. Artıq əcnəbi tələbələr bu universitetdə təhsil almağa maraq göstərir. Universitetin yeni binasının tikilməsi barədə işlər aparılır, gələn il sentyabrın 15-də açılması planlaşdırılır. Universitetdə təhsil tam olaraq ingilis dilindədir. Gələcəkdə Azərbaycan dilində də təhsil verilməsi nəzərdə tutulur. Universitetdə kimya mühəndisliyi, neft-qaz mühəndisliyi, geofizika mühəndisliyi və kompüter elmləri üzrə təhsil verilir. Məqsəd Azərbaycan sərhədlərini tərk etmədən fransız keyfiyyətli təhsil almaqdır. Yekunda tələbələr iki diplom alacaqlar. Ən seçilmiş tələbələrin təmənnasız olaraq yay məktəblərində iştirakı nəzərdə tutulur. Universitetə çoxlu sayda Fransa və Azərbaycan şirkətləri maraq göstərirlər".
Fransanın Azərbaycandakı səfiri Aureliya Buşez universitetə Fransanın müxtəlif dövlət qurumları tərəfindən də maraq göstərildiyini bildirib. Onun sözlərinə görə, universitetdə təhsil alan tələbələrin 46-sı qız, 95-i oğlandır: "Universitet fəaliyyət göstərdiyi bir il ərzində daxili idarəetmədə bir sıra addımlar atılıb. 2017-ci ilin mart ayında idarəetmə komitəsinin ilk iclası təşkil olunub, bir sıra vacib qərarlar qəbul edilib. Bunlardan biri də universitetlə şirkətlər arasında münasibət olub. Aydındır ki, universitet tələbə hazırlayır və onların gələcəkdə işlə təmin olunması istiqamətində müəyyən addımlar atmalıdır".
Səfir qeyd edib ki, növbəti tədris ili üçün 160 tələbənin qəbulu nəzərdə tutulur: "Bunlardan 120-si dövlət, 40-ı isə ödənişli əsaslarla təhsil alacaqlar. Təhsil haqqı 3 min manat olacaq. Təhsil almaq istəyən tələbələr birinci ixtisas qrupu üzrə 500-700 bal toplamalıdır. Onlar 27 iyulda keçiriləcək imtahanla universitetə daxil ola bilər. 2-16 iyul arası burada oxuyan 40 tələbə Strasburq Universitetinə göndəriləcək, fransız dili və mədəniyyəti ilə tanış olacaqlar".
"Emmanuel Makron Fransa-Azərbaycan ikitərəfli əalqələrinin zənginliyini anlayır"- səfir Aureliya Buşez yeni prezident Emmanulel Makronun Azərbaycanla münasibətlər və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi barədə suala cavabında deyib.
Səfir bildirib ki, yeni dövlət başçısı Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlıdır: "O, münaqişənjn sülh yolu ilə həlli istiqamətində səylərini əsirgəməyəcək. Həmişə olduğu kimi, Fransada yeni seçilmiş prezidentin Dağlıq Qarabağ məsələsi ilə bağlı mövqeyi mövcud problemin sülh yolu ilə həllinə yönəlmiş olacaq. Bu məsələdə Minsk qrupunun rolunu qeyd etmək istəyirəm. Əsas prioritet problemin sülh yolu ilə həllini tapmaqdır".