“Rusiyadakı ermənilər Rusiyanın mövqeyini dəyişməyə cəhdlər edirlər” Siyasət

“Rusiyadakı ermənilər Rusiyanın mövqeyini dəyişməyə cəhdlər edirlər”

"Dağlıq Qarabağ tənzimlənməsində Rusiya Fedarasiyasının birtətərəfli mövqeyinin bünövrəsi S.Lavrov, D.Peskov və s. yüksəkçinli rəsmilərin Rusiya Erməniləri İttifaqının sədri Ara Abramyanın 60 illik yubileyində iştirakdan başladı. Həmin tədbirdə A.Abramyan Dağlıq Qarabağın de-fakto rəhbəri B.Saakyanı da çağırmışdı. Görünür, B.Saakyanla Rusiyanın rəsmiləri arşında qeyri-rəsmi və yaxud şəxsi təmaslar yaranıb". Bu barədə açıqlama ilə Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin sədri Mübariz Əhmədoğlu çıxış edib.
M.Əhmədoğlu bildirib ki, ermənilərə doğru reverans stiqamətində ilk addımı Rusiya Xarici İşlər Naziri S.Lavrov özü atdı: "O Dağlıq Qarabağ tənzimlənməsinin indiki mərhələsinə bu vaxtadək görülməyən bir element əlavə etdi. O, kompromislərin və yaxud tənzimlənmə prosesinin Dağlıq Qarabağda yaşayanların maraqlarını nəzərə almalı olduğunu bildirdi. Sonradan bu RF XİN mətbuat xidmətinin rəhbəri M.Zaxarovanın bəyanatlarında özünü göstərdi. M.Zaxarova və Rusiya Xarici İşlər Nazirliyinin digər rəsmiləri Lavrovun mövqeyini strukturlaşdırdılar və yaxud detallaşdırdılar. "Osa" Zenit Raket Kompleksinin vurulması zamanı özünü yeni formada göstərdi. Faktiki Dağlıq Qarabağla Dağlıq Qarabağ ətrafındakı ərazilərin statusu arasında fərq məsələsi gündəliyə gəldi".
M.Əhmədoğlu bildirib ki, ATƏT MQ həmsədrlərinin regiona son səfəri zamanı da rusiyalı həmsədr İqor Popovun verdiyi bəyanatlarda vurğu Dağlıq Qarabağ yəni, keçmiş DQMV sərhədlərində gərginliyin azaldılması istiqamətinə yönəlmişdi: "İ.Popovun fikrinin belə inkişafı sonradan özünü həmsədrlərin Bakıya səfəri zamanı da göstərdi. Çünki Bakıya səfəri ərəfəsində ermənilər bir Azərbaycan əsgərini şəhid etmişdi. Buna cavab olaraq Azərbaycan tərəfi ermənilərin özünün etirafına görə dörd erməni hərbçisini öldürmüşdü. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda isə bu rəqəm 6 idi. Hadisələrin xronologiyasını diqqətlə izləyən həmsədrlər, o cümlədən İ.Popov dəqiq bilirdi ki, həmin insidenti başlayan erməni tərəfidir və Azərbaycan tərəfi cavab verib. Həmsədrlər bəyanatda bunu nəzərə almadılar. Əksinə ümumi gərginliyin azaldılmasının zəruriliyi barədə çağırış etdilər. Çağırışın ünvanlarından biri də Dağlıq Qarabağ idi və Dağlıq Qarabağ tərəfi də dərhal bunu danışıqların üçtərəfli formatda keçməsi kimi təqdim etdilər.
Görünür, Rusiyadakı ermənilərlə Ermənistanın rəhbərliyi arasında Dağlıq Qarabağ məsələsində ciddi uçurum var. Rusiyadakı ermənilər pafos və yaxud tarix xatirinə pul və ya digər vasitələrin hesabına Rusiyanın mövqeyini dəyişməyə cəhdlər edirlər. Bu isə Rusiyadakı ermənilərin hələ uğur qazana bilməsi anlamında deyil".